MDB-də orta aylıq əmək haqqı ən çox hansı ölkədə artıb?


Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında real orta aylıq əmək haqqının artım tempinə görə ilk sırada Ukrayna qərarlaşıb. Yeniavaz.com-un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin ilk 7 ayı ərzində Ukraynada real orta aylıq əmək haqqı 15,7% artıb.
Bu ilin avqust ayının əvvəlinə olan məlumata görə orta aylıq əmək haqqının məbləği Ukraynadan sonra ən çox Belarusda yüksəlib. Bu ilin ilk 7 ayında 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu ölkədə real orta aylıq əmək haqqı 11% artıb.
Yalnız Ermənistanda real orta aylıq əmək haqqı azalıb. Ermənistanda real orta aylıq əmək haqqı 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin yanvar-iyul aylarında 0,5% aşağı düşüb.
MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında real orta aylıq əmək haqqı Azərbaycanda 2,6%, Qırğızıstanda 5,8%, Tacikistanda 1,7%, Rusiyada isə 7% artıb.
Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2018-ci ilin avqust ayının əvvəlinə olan məlumata görə Rusiyada orta aylıq əmək haqqı 623 dollara (41 min 140 rubl) bərabər olub.
Azərbaycan orta aylıq əmək haqqının məbləği 324 dollar (551 manat) olub.
MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 348,5 dollara (169 min 115 dram), Belarusda 459 (987,5 rubl), Qırğızıstanda 237 (16 min 375 som), Ukraynada 321 (8 min 977 qrivna), Tacikistanda isə 142 dollara (1339,4 somoni) bərabər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top