Bakıda avtomobilin tunelə aşmasının səbəbi - Ekspert: "Belə getsə, hələ çox olacaq"


"Dünən Bakının Babək prospektinin başlanğıcında bir avtomobil üstdəki yoldan tunelə düşmüşdü. Belə hadisənin ağır nəticəyə səbəb olmaması doğrudan da möcüzədir. Sadəcə bəxtləri gətirib ki, onlar aşağı düşəndə tunelin həmin yerində başqa avtomobil olmayıb".
Yeniavaz.com xəbər verir ki, bunu tanınmış hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.
"Bu hadisə yollarımızın bəzi yerlərindəki ciddi bir qüsuru da üzə çıxardı. Yəqin diqqət etmisiniz, körpülərin hər iki kənarında xüsusi qoruyucu konstruksiya - hərəkət hissəsi kənarında hündürə qaldırılmış dəmir-beton sədd və daha sonra möhkəm polad məhəccər (əslində o da səddir) olur. Bu konstruksiyanın təyinatı körpü üstündə idaretmədən çıxan avtomobili imkan daxilində körpünün üstündə saxlamaq, onun hündürlükdən yerə düşməsinə imkan verməməkdir. Altında başqa yol olan körpülərdə həmin qoruyucu konstruksiya daha hündür və daha davamlı olmalıdır, çünki belə yerdə düşən avtomobil aşağıdakı yolda (körpünün altında və yanında) hərəkət edən avtomobillərin üstünə düşərək çox ağır qəzalara səbəb olur. Amma ölkəmizdə yolun hərəkət hissəsi ilə yaxın olan tunel girişlərində belə qoruyucu konstruksiya yoxdur. Tunellərin girişinin həmin hündür yerində də yaxındakı yolda idarəetmədən çıxan avtomobillərin tunelə düşməsinin qarşısını almaq üçün belə möhkəm qoruyucu konstruksiyaya ehtiyac var. Babək prospektinin başlanğıcındakı tunelin kənarında belə konstruksiya olsaydı, həmin avtomobil tunelə düşməzdi",-deyə ekspert vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top