Sükan arxasında içki içən, narkotik qəbul edən marşrut sürücüləri - SİYAHI


Bakıda baş verən dəhşətli qatar qəzası bir çox məsələləri yenidən gündəmə gətirdi. Həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıbmış. Bu barədə avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov verib. Onun sözlərinə görə, baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlar Bakıda avtobus sürücülərinin narkotik qəbul etməsi ilə bağlı məlumatlar artıb. Onlardan bəziləri ilə bağlı rəsmi açıqlamalar da verilib.
Yeniavaz.com saytı içkili və narkotik qəbul etmiş sürücülərlə bağlı müxtəlif vaxtlarda yayılmış məlumatları təqdim edir.
- Bir müddət öncə Bakıda sükan arxasında narkotik maddə qəbul edən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu adlı avtobus sürücüsü həbs edilmişdi.
Belə ki, paytaxtda fəaliyyət göstərən 10-XX-144 dövlət nömrə nişanlı 202 saylı marşrut avtobusunu idarə edən sürücü sükan arxasında olan zaman müəmmalı və təhlükəli hərəkətlərə yol vermişdi. Nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb. O, avtobus hərəkətdə olan zaman qarşısına baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Sürücü Cəfər Xəndan küçəsində saxlanılıb. Tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olduğu aşkarlanmışdı.
- Bakıda marşrut avtobusunun sükanı arxasında narkotik qəbul edən başqa bir sürücünün də videosu yayılmışdı. Video yayılandan sonra yol polisi sürücü İlkin Tağıyevi aşkarlamış və barəsində toplanmış materiallar məhkəməyə təqdim edilmişdi. Eyni zamanda sürücünün kalon rəisi Oktay Qurbanov da məsuliyyətə cəlb edilmişdi. Sürücü öz əməlindən peşman olduğunu qeyd edib. Bildirib ki, "Chinar trans" şirkətində işə düzəlib və video yayılan gün narkotik maddəni əldə edib və sükan arxasına qəbul etməyə çalışarkən videosu çəkilib. Sosial şəbəkələrdə həmin video yayılandan sonra həbs olunub. Məhkəmənin qərarına görə ona 30 sutka həbs verilib. Sürücüyə nəzarət etmədiyi üçün kalon rəisinə 15 sutka həbs verilmişdi.
- Bakıda 88 saylı marşrut avtobusunun sürücüsü Rövşən Rəşidov həbs olunmuşdu. O spirtli içki qəbul edərək taksi sürərkən polisin "saxla" əmrinə tabe olmamışdı.
- Bakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olmuşdu. Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınmışdı. Sərnişin avtobusu işıqforun yaşıl işığından yüksək sürətlə keçərkən qəfil dönmə əməliyyatı edən "Opel" markalı avtomobilə çırpılmışdı. Qəzanı törədən avtobus sürücüsü hadisə yerindən qaçmışdı. Ehtimallara görə sürücü içkili olub.
- Daha bir qəza zamanı avtobus sürücüsünün içkili olduğu müəyyən edilmişdi. Zəncirvari qəza Nərimanov rayonunda baş vermişdi. Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün sərxoş olduğu müəyyən edilmişdi.
- Başqa bir avtobus sürücüsü - Etibar Əhədov narkotik maddə satarkən saxlanılmışdı. Mehdiabad polis bölməsinin əməkdaşları ictimai nəqliyyatın sürücüsünü Digah qəsəbəsində "müştərisinə" narkotik maddə satan zaman saxlamışdı. Saxlanılan şəxs narkotik maddə satdığını etiraf etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top