Paşinyan nazirləri istefaya göndərdi: əhalini meydanlara çağırdı

 
“Çiçəklənən Ermənistan”  və “Daşnaksütyun” partiyalarından olan nazirlər vəzifələrindən azad ediliblər. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiya iştirakçılarının qarşısında çıxış edərkən müvafiq fərmanı imzalayıb.
 
Onun sözlərinə görə, bu gün Ermənistanın Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası və  Daşnaksütyun Ermənistan İnqilab Federasiyası tərəfindən rüsvayçı qanun layihəsi təqdim edilib: “Onun məqsədi əks inqilabın həyata keçirilməsidir. Yəni erkən parlament seçkilərinin yolunu kəsməkdir”. N. Paşinyan qeyd edib ki, bu qanun layihəsinin qəbul edilməsi Ermənistanın ali hakimiyyətinə, yəni erməni xalqına qarşı gizli sövdələşmədir.
 
Vəzifəsindən azad olunan nazirlər:
 
Artur Xaçatryan (“Daşnaksütyun”) – kənd təsərrüfatı nazir
Artur Qriqoryan (“Çiçəklənən Ermənistan”) – enerji infrastrukturu və təbii resurslar naziri
Artsvik Minasyan (“Daşnaksütyun”) – iqtisadi inkişaf və investisiyalar naziri
Aşot Akopyan (“Çiçəklənən Ermənistan”) – nəqliyyat, rabitə və informasiya texnlogiyaları naziri
Levon Vaqradyan (“Çiçəklənən Ermənistan”) – idman və gənclərlə iş naziri
Qraçya Rostomyan (“Çiçəklənən Ermənistan”) – fövqəladə hallar naziri
 
 
Bununla belə, N. Paşinyan qeyd edib ki, Baş nazirin “Çiçəklənən Ermənistan”dan olan  müavini vəzifəsində qalmaq istədiyini bildirib, onun qərarı alqışlanır. Ermənistanın Baş naziri, həmçinin bölgələrin sakinlərini mərkəzi meydana çıxmağa və növbədənkənar seçkilər keçirilməsini tələb etməyə çağırıb.
 
Qeyd edək ki, vətəndaşlar N.Paşinyanın çağırışına qoşularaq parlamentə girişləri bağlayıblar və deputatlar binadan çıxa bilmirlər. Xatırladaq ki, daha əvvəl ölkə parlamenti növbədənkənar iclasında “Milli Yığıncağın (parlament) reqlamenti haqqında” qanuna dəyişiklikləri qəbul edib. Qanun layihəsi Ermənistanın Respublika Partiyası və “Tsarukyan” blokunun deputatları tərəfindən təqdim edilib. 67 deputat lehinə səs verib, heç kəs əleyhinə səs verməyib. “Çıxış” fraksiyasının deputatları N. Paşinyanın çağırışına əməl edərək iclası boykot ediblər.
 
Diqqətə çatdıraq ki, qanun layihəsi parlament ikinci dəfə ölkənin Baş nazirini seçməyə məcbur olanda və səsvermə günündə hər hansı şəraitə görə səsvermə prosesi çətinləşəndə (məsələn, Milli Yığıncağın işi bloklananda) Milli Yığıncağın (parlament) buraxılmamasını nəzərdə tutur.
 
Qanun layihəsi N. Paşinyanın kəskin etirazına səbəb olub. Hazırda onun tərəfdarları parlamentin binası qarşısında mitinq keçirirlər.

DİGƏR XƏBƏRLƏR

Top