Türkiyəni böhrandan xilas etmək istəyən "McKinsey" Azərbaycanda hansı işləri görür?


Xəbər verdiyimiz kimi, təxminən iki həftə əvvəl Türkiyənin Maliyyə Naziri Berat Albayraq hökumətin yeni iqtisadi proqramının hazırlanmasına ABŞ-ın "McKinsey" şirkətini  məsləhətçi seçdiklərini bəyat etdi və bu, qardaş ölkə ictimaiyyətində birmənalı qarşılanmadı. Hökümətin bu qərarını tənqid edənlər "McKinsey" şirkətinin ABŞ maraqlarına xidmət etdiyini və bugünə kimi bu şirkətin məsləhətçisi olduğu ölkələrdə ciddi iqtisadi uğurlara nail olunmadığını qeyd edirlər. Maraqlıdır ki, "McKinsey" şirkəti  rəsmi-veb səhifəsində xidmət göstərdiyi ölkələrin adlarını açıqlamır və səbəb kimi müştərilərin maraqlarının qorunmasını göstərir. Bəs görəsən, Türkiyə iqtisadiyyatını böhrandan xilas etməyə hazırlaşan "McKinsey" şirkəti daha əvvəl hansı ölkələrə məsləhətlər verib?    
Yeniavaz.com xəbər verir ki, 1926-cı ildə Ceymis Oskar McKinsey tərəfindən qurulan "McKinsey" şirkətinin dünyanın 60-dan çox ölkəsində, o cümlədən də Azərbaycanda yerli şöbələri fəaliyyət göstərir. Ümumilikdə "McKinsey" şirkətinin 10 mindən çox işçisinin olduğu bildirilir.
Bu günə kimi "McKinsey" şirkəti Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Pakistan, Myanma, Porto Riko və İngiltərə kimi ölkələrə müxtəlif mövzularda məsləhət xidməti göstərib.
"McKinsey" şirkətinin rəhbəri Dominik Barton 2013-cü ildə Azərbaycana səfər edib və Prezident İlham Əliyevin qəbulunda olub. Daha sonra Azərbaycanda - Səbail rayonu, Nizami küçəsi ev 90A ünvanında filial açıb. Köksoy Kadir Sinan adlı Türkiyə vətəndaşı isə şirkətin ölkəmizdəki qanuni təmsilçisi olub.
2016-cı ildə qəbul edilən "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin hazırlanmasında məsləhətçi olaraq "McKinsey" şirkəti cəlb olunub.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin yanvar ayında Davos şəhərinə səfəri zamanı "McKinsey" şirkətinin icraçı direktoru Dominik Barton ilə yenidən görüşüb.
Həmin görüşdə Dominik Barton bildirib ki, təmsil etdiyi şirkət 20-yə yaxın layihədə, o cümlədən "Strateji Yol Xəritəsinin" hazırlanmasında iştirak edib.
"McKinsey" şirkəti Azərbaycanla əməkdaşlıq etdiyi layihələr barədə məlumat açıqlamasa da, bu layihələrdən bəziləri barədə mətbuatda məlumatlar yer alıb. Belə ki, mətbuatın yazdığına görə "McKinsey" şirkətilə Azərbaycan Vergilər Nazirliyi arasında ekspertiza-məsləhət xidmətinin göstərilməsi üçün müqavilə imzalayıb. Xidmətlərin göstərilməsi üzrə müqavilənin dəyəri 1,5 milyon manat olub.
Bundan başqa Dövlət İcbari Tibbi Sığorta Agentliyi "McKinsey" şirkətini Azərbaycanda icbari tibbi sığortanın ümumi tətbiqi üzrə məsləhətçi kimi cəlb edib. Bu məqsədlə prezident İlham Əliyev 19 iyul tarixində dövlət büdcəsindən 1,3 milyon manat ayırıb.

DİGƏR XƏBƏRLƏR

Top