Yük maşını iki yeniyetməni vuraraq öldürüb - RƏSMİ


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu iki yeniyetmənin ölümü ilə nəticələnən qəza ilə bağlı rəsmi məlumat yayıb.

Oktyabrın 2-də saat 10 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurmuş, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmişlər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (Report)

DİGƏR XƏBƏRLƏR

Top