Azərbaycanda bu qədər universitetə nə ehtiyac var? - Deputat


Milli Məclisin (MM) bugünkü iclasında “Təhsil haqqında” (birinci oxunuşda) və “Elm haqqında” qanunlara eyni mahiyyətli dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılıb.

Hər iki qanunda təklif olunur ki, “beynəlxalq müqavilələr” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı” sözləri əlavə edilir.

“Təhsil haqqında” və “Elm haqqında” qanunlara dəyişikliklər barədə danışan adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli bunun  çox mütərəqqi hadisə olduğunu bildirib:

“Hər iki qanuna dəyişiklik ölkə prezidentinin parlamentə göndərdiyi qanun layihələrində əksini tapıb. “Təhsil qrantı proqramı” məsələsi məhz dövlət başçısının özünün təşəbbüsü və istəyidir. Bu, çox önəmli bir məsələdir.

Dünyada inkişaf etməkdə olan ölkələr qrant alan ölkələr sayılır, qrant verən ölkələr isə inkişaf etmiş ölkələr hesab olunur. Ölkə prezidentinin atdığı böyük addımlar nəticəsində Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasından dünyanın inkişaf etmiş ölkələri sırasına qədəm qoydu və burada öz şərəfli yerini tutmaqdadır.

Odur ki, artıq Azərbaycan qrant alan ölkədən qrant verən ölkəyə çevrilib. Bu gün müzakirəyə təqdim olunan qısa, amma mahiyyətcə, məzmunca böyük olan dəyişiklik də məhz bundan irəli gəlir”.

Müzakirələr zamanı millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azadılmasını təklif edib:

“Azərbaycanda bu qədər ali məktəbə, universitetlərə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə, diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə savaddan danışmağına dəyər. Bunlara son qoyulmalıdır”.

Vitse-spiker  Bahar Muradova isə bildirib ki, əvvəla, tələbə təcrübəsi və mübadiləsi olmasaydı, bu tipli layihələr də olmazdı:

“Amma burada bir məsələ mənim izzəti-nəfsimə toxundu. Burada deyildi ki, Azərbaycan universitetlərində normal təhsil verilmir. Bu, kökündən səhv bir yanaşmadır. Bu yanaşma ilə barışa bilmərik. Azərbaycanın ali məktəbləri, universitetləri kifayət qədər savadlı, bilikli, normal mütəxəssislər yetişdirib və yetişdirir”.

Müzakirələrdən sonra hər iki sənəd səsə qoyulub, bütövlükdə və birinci oxunuşda  qəbul edilib.
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top