8 ayda xaricə 144 milyon dollarlıq pomidor satılıb


 
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 12,9 milyard dollar təşkil edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu müddətdə qeyri-neft sektoru üzrə ixracda dinamik artım müşahidə olunub və cari ilin 8 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 94 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 131 milyon dollar və ya 14 faiz artıb.
Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 11 faiz, Türkiyəyə 20 faiz, İsveçrəyə 10 faiz, Çinə 75 faiz artıb, Gürcüstana isə 2,6 faiz azalıb.
2018-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 144,4 milyon dollar ixrac dəyəri ilə liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 81 milyon dollar) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (63 milyon dollar) üçüncü olub.
Ümumiyyətlə, 2018-ci ilin yanvar-avqust ayları ərzində meyvə-tərəvəz ixracı 316 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 90 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 91 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57 milyon, pambıq lifi ixracı 58 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 14 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayında pambıq lifinin ixracı 2,2 dəfə, elektrik enerjisinin ixracı 64 faiz, pambıq ipliyinin ixracı 35 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 22 faiz, meyvə-tərəvəzin ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1 faiz artıb.
Cari ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 125 milyon dollar təşkil edib. 2018-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Türkiyə (34,5 milyon dollar), Rusiya (22 milyon dollar), İsveçrə (13,9 milyon dollar), İrlandiya (10 milyon dollar) və Gürcüstan (7,2 milyon dollar) qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top