"Yardımınıza ehtiyacım var" deyən təkcə "Toppuş bacı" deyilmiş - SİYAHI


"Toppuş bacı" obrazı ilə məşhurlaşmış əməkdar artist Tünzalə Əliyevaya yardım kampaniyası davam edir. İlk vaxtlar yardımın onun müalicəsinə sərf ediləcəyi gözlənilsə də, sonradan aktrisa evinin ipotekada olduğunu, yığılan pulun borcun ödənilməsinə sərf olunacağını açıqladı.

Tünzalə Əliyeva yerli telekanalların efirində, sosial şəbəkədə ona maddi köməklik göstərmələrini xahiş edir. Aktrisaya kömək edənlərin və etmək istəyənlərin sayı kifayət çoxdur. Son məlumatlara görə, yardım kampaniyası çərçivəsində 40 min manat yığılıb. Aktrisa borcun ödənməsi üçün daha 20 min manata ehtiyac olduğunu deyib.
Tünzalə Əliyevanın "yığılan pulu ipoteka kreditimə xərcləyəcəyəm" deməsi isə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Feysbukda müzakirələr zamanı o da vurğulanır ki, məşhur bir insan çıxıb hətta ipoteka krediti üçün yardım istəyəndə də insanlar kömək edirlər, ancaq çox ağır vəziyyətdə yataq xəstəsi olanlar var ki, diqqətdən kənarda qalıblar.
Yeniavaz.com saytı müxtəlif vaxtlarda xəstəliyinə dəstək məqsədi ilə yardım kampaniyası başladılmış məşhurların siyahısını təqdim edir.
Qeyd edək ki, onlardan bəziləri artıq dünyasını dəyişib.
- Xalq artisti Könül Xasıyeva xeyli müddətdir sinir ağrılarından əziyyət çəkir, onun oğlu Kazım isə Turetto sindromundan. Xasıyeva borclarının olduğunu, bankların isə kredit vermədiyini bildirib.
Qeyd edək ki, bir müddət öncə "Həyat fondu" xalq artistinə yardım kampaniyası keçirmişdi. Kampaniya çərçivəsində yardımsevər insanlar Könül Xasıyevaya müəyyən məbləğdə dəstək olmuşdular.

- Əməkdar artist Tünzalə Əliyevaya yardım kampaniyası isə davam edir. Kampaniyanın məqsədi onun ipoteka kreditinin bağlanması üçün lazım olan 60 min manatı toplamaqdır.

- Xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə ildir xəstəlikdən əziyyət çəkir. Bir müddət öncə Xeyriyyəçilər Assosiasiyası xalq artistinə dəstək məqsədi ilə yardım kampaniyası başlatmışdı. Kampaniyanın nə ilə nəticələndiyi barədə məlumat yoxdur.


- Tanınmış aparıcı, özü hamının yardımına çatmağa çalışan aparıcı Nuran Hüseynov üçün də bir neçə il öncə xeyriyyə kampaniyası keçirilmişdi. Kampaniya çərçivəsində Nuran Hüseynovun xərçəng xəstəliyindən xaricdə müalicəsi üçün xeyli vəsait toplanmışdı. Hazırda aparıcının səhhəti normaldır.

- İllər öncə telekenallarda və sosial şəbəkələrdə əməkdar artist Xanım Qafarovanın müalicəsi üçün yardım kampaniyası təşkil edilmişdi. X. Qafarovaya dəstək üçün xeyli pul toplansa da, xəstəliyi ağırlaşdığı üçün müalicə effektli olmamışdı.

- Telekanalların birində illər öncə xalq artisti Nuriyyə Əhmədovaya yardım kampaniyası başladılmışdı. N. Əhmədova qısa müddət sonra dünyasını dəyişib.

- Kinorejissor Şahin Zəkizadə xərçəng xəstəliyinə yenicə tutulduğu vaxtlarda da yardım kampaniyası başladılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top