
Hmeymim aviabazasındakı S-400 radiolokasiya sisteminin əldə etdiyi məlumatlar sübut edir ki, İsrailin F-16 qırıcıları Suriya raketindən qorunmaq üçün Rusiyanın İl-20 təyyarəsinin arxasında gizləniblər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov brifinqdə deyib.
Onun sözlərinə görə, Hmeymimdəki S-400 sentyabrın 17-də İsrailin F-16 qırıcısına buraxılan Suriyanın S-200 kompleksinin raketinin uçuşunu təsbit edib: “Raketin uçuş istiqaməti İsrail təyyarəsinə yönəldildiyi aydın şəkildə görünür. Ardından S-400-ün radarı görür ki, İsrail təyyarəsinə yaxınlaşan raket qəfil uçuş istiqamətini dəyişərək İl-20-yə doğru gedir”.
General qeyd edib ki, İsrail qırıcıları bu ölkənin ordusunun bəyan etdiyi kimi insidentdən sonra geri uçmayıblar və İl-20-nin düşdüyü ərazidə qalıblar: “İl-20-nin arxasında gizlənən F-16 qırıcılarından biri Suriyanın qərb sahillərinin patrul ərazisində qalıb. Qalan üç qırıcı isə Laziqiyyənin qərb sahillərinin hava məkanında növbətçilik zonasında mövqe tutmağa davam edib”.
İ. Konaşenkov əlavə edib ki, İsrail ordusu nümayəndələrinin İl-20 təyyarəsinin vurulmasında əlaqələrinin olmamasına dair bütün cəsarətsiz bəyanatları yalandır: “Rusiyanın İl-20 təyyarəsinin vurulmasına görə bütün günah İsrail Hərbi Hava Qüvvələrində və bu cür qərar verənlərdədir”.
Xatırladaq ki, Rusiyanın radiolektron kəşfiyyat və mübarizə təyyarəsi İl-20 sentyabrın 17-də Hmeymim aviabazasına qayıdanda Aralıq dənizi üzərində vurulub. Təyyarəni Laziqiyyə vilayətindəki obyektərə hücum etmiş İsrailin 4 ədəd F-16 qırıcılarına atəş açan Suriyanın S-200 zenit raket kompleksinin raketi vurub. İnsident nəticəsində İl-20-nin bütün heyəti – 15 hərbçi həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz