Xəstəliklərin sağalmasında insan iradəsinin rolu varmı?

Bu günlərdə uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış teleaparıcı Zümrüd Qasımova “İnstaqram” hesabında keçəl halda çəkilmiş fotosunu paylaşmışdı. Aparıcının şəxsi hesabında yazdıqları isə həm maraqla qarşılanmış, həm də müsbət təsir doğurmuşdu: “Hər gün yüzlərlə qadın mənə müraciət edir ki, saçlar sonradan bərpa olurmu? Hər şey əvvəlki kimi olurmu? Bəli, əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur. Qorxmayın, vaxtında həkimə gedin. Xəstəlik erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyat dolu olun, özünüzü sevin və özünüzə inanın. Mən sizin hər birinizi anlayıram. Ximiyanı qəbul edəndən sonra əsəbləşirsən, qışqırırsan, ağlayırsan. Radioterapiya edəndə yandığından əziyyət çəkirsən, özünə baxa bilmirsən. Amma gözəl və güclü xanımlar, sonda sağalırsız. Həyat gözəldi, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə belə qırmızı dodaq boyası vurmağı unutmayın. Mən yaşadıqlarıma baxmayaraq, çox xoşbəxtəm. Allaha sığının”.

Bu kimi çoxlu sayda misal göstərmək olar ki, insanların sağalmasında iradələri çox önəmli rol oynayıb. Bu mövzu inanırıq ki, çox insanlar üçün maraqlıdır.

“Təcrübədə bu cür insanlarla tez-tez qarşılaşırıq”

“Baku Medical Plaza” Klinikasının endikrinologiya şöbəsinin müdiri, terapevt-endikrinoloq Hidayət Məmmədzadə “Yeniavaz.az” saytına açıqlamasında bu mövzuda maraqlı açıqlamalar verdi. H. Məmmədzadə təcrübədə bu cür insanlarla tez-tez qarşılaşdıqlarını dedi: “Həqiqətən, çox maraqlı bir mövzuya toxunmusunuz. Qeyd edim ki, insanın iradəsi çox önəmli bir məhfumdur. Ümumiyyətlə, hər bir xəstəlik insan bədənində olan müdafiə sisteminin passiv və ya aktivliyi ilə əlaqəlidir. Bu, onkoloji xəstəliklərə də aiddir, sadə virus infeksiyalarına da. Hamısı ilə bağlı orqanizmin müdafiə sistemi var. Belə deyək, orqanizmin “silahlı qüvvələri” var və onlar xəstəliyə qarşı işə düşür. Buna bağlı olaraq da iradə böyük bir fəlsəfi kateqoriyadır. Bunu tək bir xəstəlik anlamı ilə məhdudlaşdırmaq olmaz”.

H. Məmmədzadənin sözlərinə görə, tibb dilində iradə qarşıya qoyulmuş məqsədə çatmaq əzminə deyilir, eyni zamanda fəlsəfi bir kateqoriyadır: “Buraya insanın ağrıya dözümü, xəstəliklərin yaratdığı şikayətlər də aiddir. Xüsusən, əsəb sistemi ilə bağlı olan, psixoloji problemi olan xəstələrdə iradə ilə bir çox məsələləri həll etmək mümkündür. Zərərli vərdişlər var - alkoqolizm, siqaret çəkmək alışqanlığı - bunların da aradan qaldırılmasında iradənin çox böyük rolu var. Yəni insanda özünə inam hissi olmalıdır”. Müsahibimizin sözlərinə görə, hər bir xəstə ilə müalicəyə başlayanda həkim psixoloji söhbət aparmalıdır: “Həkim həm də psixoloq olmalıdır. Onun bütün hallarda həkimlik etikasına çox yüksək səviyyədə əməl etməsi, xəstəni mübarizəyə, müalicəyə ruhlandırması lazımdır. Həkim xəstənin ehtiyac olan iradə potensialını üzə çıxarmalıdır”.

“Dözümlü insan bunu adi şəkildə qəbul edir”

H. Məmmədzadənin sözlərinə görə, xəstələrin müalicə prosesində inam, sağalmaya doğru ümid hər bir pasiyentin iradəsini ortaya qoyur: “Bəzi hallarda biz iradəsi zəif insanlarla da rastlaşırıq. Xüsusən, əsəb sisteminə bağlı olan xəstələr - ölüm qorxusu, xəstəlik qorxusu, xərçəng qorxusu yaşayan insanlar ki var, onlarda iradə zəifliyi müşahidə olunur.

Amma bu o demək deyil ki, həmin insanlarda iradə yoxdur. Əlbəttə var, sadəcə, ola bilsin zəifdir və bunu ona aşılamaq lazımdır. Xəstəyə müəyyən qədər ruh vermək onda inam hissi ortaya qoymasına şərait yaradır, iradəsini yüksəldir və qarşıya qoyulmuş məqsədə çatmaq yolunda çox böyük əzmkarlıq göstərməsinə imkan verir. Sadə bir misal deyim, tutaq ki, tibb bacısı xəstəyə damar iynəsi vuracaq. Zəif insanda buna qarşı bir fobiya, kəskin reaksiya olur. Amma dözümlü insan bunu adi şəkildə qəbul edir. Təbii ki, əzmkar insan özünü idarə edir”.

“Xəstənin müalicəyə, özünə inam hissi varsa, o daha tez sağalır”

Terapevt-endikrinoloq Hidayət Məmmədzadə əminliklə bildirdi ki, xəstənin müalicəyə, özünə inam hissi varsa, o daha tez sağalır: “Hansısa virus infeksiyası, akterial infeksiya, infeksiyon xəstəlik və s. iradədən asılı olmayaraq, meydana gəlir. Ancaq istənilən xəstəlik - əgər xəstənin iradəsi güclüdürsə, müalicəyə inam hissi yüksəkdirsə, iradəli insandırsa, daha tez sağalır. Belə insanlar panikaya düşmür, psixoloji olaraq daha güclüdürlər və onların əzmkarlığı sağalmalarına rəvac verir. Amma zəif insan daim şikayətçidir. Dərmanlardan, xəstəliklərdən şikayətlənirlər, “niyə məndə bu xəstəlik baş verdi” deyə gileylənirlər. Belə demək mümkündürsə, insan hər halına şükr etməlidir. Necə deyərlər, betərdən betəri var. Hər halına şükr edən insan xəstəliyinə də dözümlə, səbrlə yanaşır və zənnimcə, daha tez sağalır”.

“Hər bir şey bizdən asılı olan məsələ deyil”

Həmsöhbətimiz bu mövzu ilə bağlı tövsiyələrini də dilə gətirdi: “İstər-istəməz burada bir az genetik məsələlər də var. Belə deyim, ailədən, bir insanın daxili tərbiyəsindən, mədəniyyətindən irəli gələn məqamlar da var, hər bir şey bizdən asılı olan məsələ deyil. Elə insanlar var ki, təbiət olaraq müəyyən qədər həkimdən, dərmandan qorxur, çəkinirlər. Onları başa salmaq bir qədər çətin olur. Sadəcə, mənim burada məsləhətim, tövsiyəm budur ki, insanlar hər bir şeyi real qəbul etməlidirlər. Bu dünyada xəstəlik də var, ayrılıq da var, ölüm də var. Biz bunların hamısını real qəbul etməliyik, əbədi deyil bu həyat, əbədi deyil bu kainat. Hər bir şeyin çıxış yolu var, hətta ağır xərçəng xəstələrinin belə sağaldığı hallar var. Ən ümidsiz hesab etdiyimiz xəstələrin belə sağaldığı hallar var. İnsan ümid hissini itirmədən, əzmkarlıq nümayiş etdirərsə, qarşıya qoyulan istənilən məqsədə çata bilər və məncə, elə iradə budur. Mən hər bir insana bunu arzu edirəm”.

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top