Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahid: "Dərmanlara görə halsız idik"


Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi qismində ifadə verən Arzu Rzayev bildirib ki, hadisə vaxtı oğlunu itirib: "Oğlum Əkbərin ağciyərində problem vardı. 10 günlük müalicəyə getmişdi. Yanğından iki gün qabaq özümüz xəstəxanaya yerləşdirdik. Hadisə barədə saytlarda gördük. Mərkəzə getsək də, oğlumu tapa bilmədim. Morqdan zəng gəldi, dedilər oğlunuz burdadır. Oğlum ailəli idi, 5 aylıq uşağı var. Təqsirləndirilən şəxslərin heç birini tanımıram. Həkimi Azad idi".

Prosesdə ifadə verən digər zərərçəkən Əsgərxan Ələkbərov isə bildirib ki, hadisə vaxtı oğlu İsmayılı itirib: "Əvvəllər narkotik istifadəçisi olub, türmədə yatıb. Ona kimsə demişdi, orada müalicə olunsa, kökələcək. Getmişdi ki, zəhrimarlar canından çıxsın. Lakin hadisə zamanı dünyasını dəyişdi".

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Elxan Hüseynov isə qeyd edib ki, hadisə vaxtı mərkəzdə müalicə olunub: "Afət xanımı, Mamedi tanıyıram. Fevralın 26-da getmişdim. Narkotik istifadəçisi idim, həkimim Azad həkim idi. Elnur adlı oğlanla 6-cı palatada qalırdım. Həmin vaxt o məni oyatdı. Səhərə yaxın idi. Bizim palataya qədər yanğın gəlib çıxmışdı. Ayaqyalın, başıaçıq çıxmışdıq. Amid neçə nəfərə kömək elədi. Dərmanlara görə halsız idik. Palata yoldaşım, başqa uşaqlar danışırdı ki, Məhəmməd hirslənib dərman verilmədiyinə görə. Ancaq mən özüm onun hansısa aqressivliyini görməmişəm. O binanın iki qapısı vardı. Bir qapını açdılar. O biri bağlı idi. Həm də o tərəf çox alovlanmışdı. Ən çox yanan o tərəf idi".

Proses sentyabrın 28-də davam edəcək.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top