Gürcüstanın ümumi ixracının 14%-i Azərbaycanın payına düşüb


Bu ilin yanvar-avqust ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 298,8 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2,2 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 8 ayı ərzində Gürcüstandan Azərbaycana 132,9 milyon dollar dəyərində məhsul ixrac edilib.
Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkə olub. Cari ilin ilk 8 ayında Gürcüstanın ümumi ixracının 13,9%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan sonrakı yerlərdə Rusiya (ilk 8 ay ərzində 280,5 milyon dollar), Türkiyə (182,4 milyon dollar) və Ermənistan (177 milyon dollar) gəlir.
İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 8 ayında Azərbaycandan 367,9 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 15,5% və 49,5 milyon dollar artıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 8 ay ərzində Türkiyədən 939,3 milyon dollar, Rusiyadan isə 599,2 milyon dollar, Çindən isə 582,5 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Ukrayna (327 milyon dollar), Almaniya (286,7 milyon dollar), ABŞ (236,2 milyon dollar) və Ermənistan (228,7 milyon dollar) gəlir.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 8 milyard 100,7 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 22,6% çoxdur.
Qonşu ölkənin idxalı 21% artaraq 5 milyard 954,3 milyon dollar, ixrac isə 27,1% artaraq 2 milyard 146,4 milyon dollar təşkil edib.
Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 14,9%-i), minik avtomobilləri (11,3%) və ferroərintilər (10,7%) daxildir.
Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft və neft yağları (ümumi idxalın 9,7%-i), minik avtomobilləri (6,5%) və mis filizi və konsentratlarıdır (4,4%).

DİGƏR XƏBƏRLƏR

Top