345 milyon dollarlıq maliyyə piramidası bağlandı

 
ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) maliyyə piramidasının bağlanması üçün məhkəmə əmri alıb. Yeniavaz.com “Vedomosti” qəzetinə istinadla xəbər verir ki, piramidanın qurucuları 230 investordan 345 milyon dollardan çox vəsait cəlb ediblər.
 
Merilend Prokurorluğu piramidanın qurucuları Kevin Merrill, Cey Ledford və Kemeron Cezirskiyə qarşı ittiham irəli sürüb. Onlar investorlara istehlakçı kreditlər portfelinin alışı və təkrar satışına qoyuluşlardan xeyli mənfəət qazanılacağı vədini veriblər. Lakin əslində isə piramidanın yeni iştirakçılarının vəsaitlərindən əvvəlki investorlara ödəniş üçün istifadə ediblər, habelə pulları təmtəraqlı həyat tərzi sürmək üçün öz xeyirlərinə sərf ediblər.
 
K. Merrill və C. Ledford investorlardan azı 85 milyon dollar oğurlayıblar. Onlar həmin pulla azı 25 bahalı avtomobil, daşınmaz əmlak və zinət əşyaları alıblar, eləcə də pulun bir qismini fitness-kluba sərmayə qoyublar.
 
Qeyd edək ki, ABŞ tarixində ən böyük maliyyə piramidası fırıldağı Bernard Meydoff tərəfindən qurulub. İnvestorlar ona 18 milyard dollar sərmayə qoymuşdular. 71 yaşlı fırıldaqçı 2009-cu ildə günahını etiraf edib və 150 il həbs cəzasına məhkum edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top