İstanbulda 300 min pul oğurlayan erməni tutuldu

İstanbulun mərkəzində mütəşəkkil dəstənin valyuta dəyişmə məntəqəsinə (VDM) silahlı basqın edərək küllü miqdarda pul vəsaiti oğurlaması ilə əlaqədar açılan cinayət işi çərçivəsində Türkiyə polisi şübhəli şəxs qismində Ermənistan və Rusiya vətəndaşlarını saxlayıb.

Oğrular VDM-ni qarət etdikdən sonra Bursaya gediblər. Türk polisi Bursada şübhəlilərin izinə düşüb və onları çayxanaların birində həbs edib. Şübhəlilərin mehmanxanada qaldıqları otaqdan böyük məbləğdə nağd pul və qızıl aşkarlanıb. Saxlanılan Ermənistan vətəndaşının A.Gevorq olduğu bildirilir.

Qeyd edək ki, məlum silahlı qarət oğruların “peşəkarlığı” üzündən Türkiyədə böyük səs-küyə səbəb olmuşdu. Onlar 20 saniyə ərzində VDM-ni qarət edib özləri ilə 300 min lirə götürüb aradan çıxmağı bacarıblar. Baş verən silahlı basqın anbaan kameralara düşsə də, oğrular maskalı olduğundan kimliklərini dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Türkiyənin xəbər saytları və sosial şəbəkə istifadəçiləri bu hadisəni “filmlərdəki kimi oğurluq” adlandırıblar. (Azvision.az)

DİGƏR XƏBƏRLƏR

Top