Ağdaşda Üzeyir Hacıbəylinin doğum günü qeyd olundu


Habil Əliyev adına Ağdaş musiqi məktəbində Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, mərasimi açıq elan edən Ağdaş musiqi məktəbinin direktoru Rafiq İsgəndərov tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edib: "Bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Azərbaycan xalqının tarix boyu yaratdığı əsərlər, mədəni irs nümunələri bu gün bəşəriyyətin inciləri sırasına daxildir. Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş insanlardan biri də Üzeyir bəydir. Onun əsasını qoyduğu Azərbaycan peşəkar musiqi sənəti çox möhkəm bünövrə üzərində qurulub. Bu gün Azərbaycan dövlət himninin bəstəkarı, musiqimizi dünyaya tanıdan, Şərqdə ilk operanı yaradan dahi Üzeyir Hacıbəylinin doğum günüdür". Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Tədbir məktəbin kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib.
Pərviz Əliyev, Ağdaş

 

DİGƏR XƏBƏRLƏR

Top