Azərbaycan Tibb Universitetində 63 tələbə təhsil haqqından azad olunub


Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Bilik günü” qeyd olundu. Yeniavaz.com xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu əlamətdar gün münasibəti ilə müəllim və tələbələri təbrik etdi. O, gənclərin tələbə adını böyük əziyyətlə qazandıqlarını bildirdi: “Gecə-gündüz dərs oxumusunuz, yuxusuz gecələr keçirmisiniz, universitetəhazırlaşmısınız. Bu çətin və uzun yoldan sonra, nəhayət, imtahanları uğurla verib, ölkəmizin ən qədim və qabaqcıl universitetlərndən olan Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmısınız. Bu il unversitetimizə qəbul daha çətin idi. Çünki qəbul planı digər illərə nisbətən azaldılıb. Bu fakt da tələbələr arasında olan rəqabəti daha da artırdı. Hər birinizə tələbə həyatında uğurlar diləyirəm”.
Rektor G. Gəraybəyli Azərbaycan təhsilinin inkişafından, dövlətin bu sahəyə göstərdiyini diqqətdən söz açdı. O, ümummilli lider Heydər Əliyevin təhsilə olan qayğısını xatırladı: “Hələ Sovet illərində ulu öndər yüzlərlə Azərbaycan gəncini xarici ölkələrə, müasir və o dövrün inkişaf etmiş təhsil müəssisələrinə göndərib. Həmin tələbələrin bir çoxu məzun olaraq Azərbaycana qayıdaraq, müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərirlər”.

Bu il Azərbaycan Tibb Universitetinə qəbul imtahanında 700 bal toplayaraq, prezident təqaüdünə layiq görülən Nərmin Əhədova tələbələr adından çıxış edərək, sevincini bölüşdü. Daha sonra ATU rəhbərliyi yeni tədris ilində təhsil alan 24 nəfər prezident təqaüdçüsünü təbrik etdi. 700 bal toplayan 5 nəfər tələbəni isə “notebook”la mükafatlandırdı.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində ATU-ya 716 nəfər tələbə qəbul olunub. Bunlardan 498 nəfəri müalicə-profilaktika fakültəsinin, 49 nəfəri ictimai səhiyyə fakültəsinin, 30 nəfəri stomatologiya fakültəsinin, 50 nəfəri əczaçılıq fakültəsinin tələbələridir. 44 nəfər hərbi həkim, 30 nəfər hərbi feldşer ixtisasını seçib. Universitetdə 15 nəfər magistr təhsili alır. 700 bal toplayan 5 nəfər, 600-dən çox bal toplayan 569 nəfərdir. 2018-2019-cu tədris ilində hazırlıq şöbəsini bitirən 576 nəfər xarici ölkə vətəndaşı I kursa qəbul olunub.
Yeni tədris ilində 49 nəfər məcburi köçkün, valideyn himayəsindən məhrum olan 1 nəfər, valideyni Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş 13 gənc təhsil haqqından azad olunublar.

DİGƏR XƏBƏRLƏR

Top