Bakıda yeni dələduzluq - Mobil telefon alarkən DİQQƏTLİ OLUN

Bakıda mobil telefon alan şəxs dələduzluqla üzləşib. Bu barədə Yeniavaz.com saytına həmin şəxsin özü - Kənan Süleymanov məlumat verib.

Şikayətçi başına gələnləri belə nəql edib: "27 mart 2018-ci ildə metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən bir mağazadan təzə mobil telefon aldım. Bir müddət sonra telefonuma bildiriş gəldi ki, sizin "ABC Telecom" şirkətinə borcunuz var. Həmin bildirişdə qeyd olunan nömrə ilə əlaqə saxladım və bildirdim ki, mənim heç bir yerə borcum yoxdur, telefonu nağd pulla almışam, bu nə məsələdir, xahiş edirəm bunu bir araşdırın. Bildirdilər ki, texniki səhv olub, biz məsələni araşdırarıq. Ertəsi gün gizli nömrədən zəng gəldi, dedilər ki, telefonunuzun İMEİ kodunu verin, araşdıraq. 2 gün keçdi və mənim telefonum bağlandı. Araşdırdım və məlum oldu ki, mənim nağd pulla aldığım telefon "ABC Telecom" tərəfindən bloklanıb. Məlumat üçün onu da qeyd edim ki, "Kontakt Home" mağazalar şəbəkəsi "ABC Telecom"undur. 012 533 01 01 nömrəsinə zəng vurub dedim ki, mənim telefonumu niyə bağlamısınız? Dedilər mobil telefonu aldığınız dükan onu sizə qeyri-qanuni yolla satıb. Dedim axı mən nağd pulumu ödəyib telefon almışam, haradan biləydim ki, belə bir məsələ var? Dedilər yox, həmin telefonun ilk sahibi onu "Kontakt Home" mağazasından kreditə götürüb və borcunu ödəyib qurtarmamış satıb, üstəlik, kredit borcunu da ödəmir.

Onlara dedim ki, gedin həmin şəxs kimdirsə, polisə, məhkəməyə verin, borcu tələb edin. Mən həmin adamı tanımıram, telefonu nağd pul verib almışam. Telefonu aldığım mağazanın sahibinə də deyirəm ki, niyə mənə belə telefon satmısan, axı nağd pul verib telefon almışam? Deyir xəbərim olmayıb, məni də aldadıblar.

Daha sonra mən "ABC Telecom"a yaxınlaşdım və problemli kredit şöbəsinin müdiri Elnur Seyidəzizovla görüşdüm. Hətta ona onu da bildirdim ki, kreditə telefon satırsınızsa və borc bitməmiş həmin telefonun ikinci şəxsə satılmasını istəmirsinizsə, İMEİ kodla telefon nömrəsi arasında bir bağlantı qurun və həmin telefonda başqa nömrə işləməsin. Bununla da siz kreditə satdığınız telefonların borcu ödənib qurtarmamış başqa şəxslərə satılmasının qarşısını ala bilərsiniz. Bu, dünyanın bir çox ölkələrində geniş tətbiq olunan sadə bir üsuldur. Siz bunu etməmisiniz və vaxtında şirkətiniz səhlənkarlıq edib deyə, bir insan sizi aldadıb, məni də çətin vəziyyətdə qoyub. Həmin şəxs ayın 25-i "Kontakt Home" mağazalar şəbəkəsindən mobil telefonu kreditə götürüb, 1 gün sonra satıb başqa bir mağazaya, növbəti gün o mağaza da nağd satıb mənə. Bəlkə də həmin mağazanın sahibi də onunla əlbirdir, onu bilmirəm. Xahiş-minnət edirəm, amma məsələni həll eləmirlər. Neçə gündür telefonsuz qalmışam. Deyirəm telefonumu bloklanmadan çıxarın, gedib o adamı tapın, pulunuzu tələb edin. Mənə deyirlər ki, xeyr, biz bunu edə bilmərik.

Deyirlər telefonunun blokdan çıxarılması üçün 64 manat borc ödəyin. Soruşuram ki, axı mən niyə ödəməliyəm? Lap tutaq ki, ödədim, mənim telefonum həmişəlik blokdan çıxacaq? Deyirlər yox, o telefona görə bizə 512 manat borc var, ay sonunda yenidən bloklanacaq.

Telefonu aldığım digər mağazanın sahibi isə mənə deyir ki, gətir düzəldim, amma telefonundakı şəkillər, nömrələr hamısı silinəcək, yeni proqram yüklənəcək. Mən bilirəm ki, onlar hansısa saxta yollarla telefonumu blokdan çıxaracaqlar, mən isə bunu istəmirəm, öz qanuni haqqımı tələb edirəm. O telefona görə mən nağd 400 manat ödəmişəm".

Şikayətçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və digər dövlət qurumlarına şikayət edəcəyini də bildirib.

Yeniavaz.com saytı problemlə bağlı ittiham olunan tərəflə - "ABC Telecom" Şirkəti ilə əlaqə saxlayıb. Şirkətin nümayəndəsi Aygün Əzizova problemlə bağlı bunları bildirib: "Hansısa bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə bizə müraciət etdiyi təqdirdə, ümumi şərtlərə uyğun gəlirsə, biz həmin şəxsə mütləq şəkildə nisyə məhsulu ayırırıq. Qanuni şəkildə həmin məhsul ödənişləri bitmədiyi təqdirdə "Kontakt Home" mağazalar şəbəkəsinin məhsulu sayılır, onun qanuni şəkildə satılması da mümkün deyil. Telefonu bizim mağazadan kreditlə alan şəxs hər hansısa bir mağazaya yaxınlaşıb, məhsulu təqdim edib, qarşılığında pul əldə edib. Belə olan halda biz həmin məhsulun başqa şəxsə satılmasını izləyə bilmirik. Əgər müştərilər belə bir halla rastlaşırlarsa, yəni hər hansı bir mağazadan "Kontakt Home" mağazalar şəbəkəsinə aid bir məhsul əldə edirlərsə - həmin məhsul həmin şəxsin adına deyilsə, bu zaman bizə müraciət etdikləri təqdirdə, Problemli Kreditlər Şöbəsinə yönləndiririk, səlahiyyətli şəxslə görüşürlər. Həmin görüş əsnasında mümkün qaydalar çərçivəsində çalışırıq ki, müştəriyə köməklik göstərək. Mümkündürsə, həmin şəxsin telefon nömrəsini bizə verin və yaxud ad-soyad, ata adını bizə təqdim edin, həmin müştəri ilə özüm şəxsən mütləq şəkildə əlaqə saxlayım, onu yönləndirim sözügedən şöbəyə və çalışaq ki, müştəriyə müvafiq köməklik göstərək. Təbii ki, heç bir şəxs, eyni zamanda bizim rəhbərlik istəməzdik ki, hər hansı bir vətəndaş, yaxud bizə müraciət edən hansısa bir nəfər belə bir halla rastlaşsın və diqqətdən kənarda qalsın. Əgər belə bir narahatlıq varsa, bildirin və biz köməklik göstərməyə çalışaq.

Biz çalışarıq ki, mümkün qaydalar çərçivəsində həmin şikayətçiyə köməklik göstərək. Məhsulu həmin vətəndaşa təqdim edən mağaza da heç şübhəsiz məsuliyyət daşıyır. Çünki onu vətəndaşa təqdim edən tərəf həmin mağaza olub".

Şikayətçinin əlaqə nömrəsini "ABC Telecom" Şirkətinin nümayəndəsi Aygün Əzizovaya təqdim etdik və bunu şikayətçinin özünə də bildirdik ki, sizinlə əlaqə saxlanılacaq və qaydalar çərçivəsində köməklik göstəriləcək. Lakin çox qəribədir ki, şikayətçiyə heç bir zəng edilməyib. Vətəndaş özü onlarla əlaqə saxladıqda isə ona heç bir köməklik edilə bilməyəcəyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top