“Gözəllik kraliçası”... indi də “Sözsüz”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Litvanın Vilnus və Visaginas şəhərlərində keçiriləcək “Atspindys” XI Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edəcək. Bu barədə teatrın mətbuat xidmətindən qəzetimizə məlumat verilib. Kollektiv bu dəfə bir sıra beynəlxalq teatr festivallarında uğur qazanmış S. Bekketin “Sözsüz” mono-tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı isə Əməkdar Artist Şövqü Hüseynovdur.

Oktyabr ayının 11-dən 17-dək davam edəcək festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş olunacaq. Festivala Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya və Slovakiyanın teatr kollektivləri də qatılacaq.

Qeyd edək ki, “Atspindys” Gənc Tamaşaçılar Teatrının 89-cu teatr mövsümündə iştirak edəcəyi ikinci beynəlxalq festivaldır. Bir neçə gün öncə yaradıcı heyət Rusiyanın Perm şəhərində keçirilən II Beynəlxalq Martin MakDonax Teatr Festivalında uğurla çıxış edərək Vətənə dönüb. Kollektiv adıçəkilən müəllifin “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşasıni nümayiş edib.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Əməkdar Artistlər - Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandırıblar. Oktyabr ayının 1-dən - 7-dək davam edən festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Hersoqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak ediblər. Tamaşadan sonra festivalın beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu “Gözəllik kraliçası”nı müzakirə edərək tamaşa, aktyor oyunu, rejissor həlli haqqında maraqlı fikirlər səsləndiriblər. Tamaşamız festivalın xüsusi diplomuna layiq görülüb.

Teatrın noyabr ayında Moldovada keçiriləcək mono-tamaşalar festivalında da iştirakı nəzərdə tutulur.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top