Direktorlar Nazirliyin imtahanı ilə işə girən müəllimlərə dərs vermir - "Sizə "açot" verməliyik?"

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazansa da, bəzi müəllimlərin yerlərdə süni maneələrlə qarşılaşdıqları barədə Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə məlumatlar daxil olur.

Bu kimi neqativ halların aradan qaldırılması üçün yerlərdə çətinliklə üzləşən şəxslərin müraciətlərinin və bu çətinliklərin yaranması səbəblərinin İnsan Resursları Mərkəzi tərəfindən araşdırılmasına başlanılıb. Mərkəz problemin operativ şəkildə araşdırıla bilməsi üçün bu problemlə üzləşən şəxslərə sosial şəbəkədə müraciət edib və problemlərini bildirməyi xahiş edib. Bu problemlə bağlı xeyli müəllim müraciət edib.

Yeniavaz.com saytı şikayətlərdən bəzilərini təqdim edir.

1. Kamalova İlahə Yusif qızı: "Mingəçevir şəhər 14 saylı tam orta məktəb, Azərbaycan bölməsi, Cografiya müəllimi - 58 bal toplamışam. Məktəbin direktoru Ramiz müəllim bildirir ki, vakansiya verməyib, müəllimə ehtiyacı yoxdur. Xahiş edirəm, aidiyyəti orqanlar bu məsələni aydınlaşdırsınlar".

2. Aslanova Sənanə Sırac qızı: "İyun ayında yerdəyişmə imtahanında iştirak etdim, Sabuncu rayonu 72 nömrəli məktəb-litseyə qəbul oldum, Fiziki tərbiyə müəllimi kimi vakansiyada 18 iş saatı göstərildiyi halda, direktor məni 12 saat dərs yükü ilə təmin edəcəyini bildirir. Xahiş edirəm, araşdırasınız".

3. Əsədov Fərat Adil oğlu: "Fiziki tərbiyə üzrə 42,3 balla Balaxanıda yerləşən 259 saylı məktəbə qəbul oldum. Sənədləri təqdim etdim, direktor Təhsil Şöbəsindən mənim haqqımda bildiriş gəlmədiyini bildirdi. Dedi ki, istəyirsən sənədləri özündə saxla, istəyirsən burda qalsın, mən də onlara təqdim etdim, amma məsələ çox qatışıqdır, zəhmət olmasa, araşdırın".

4. Sultanlı Ləman Bəxtiyar qızı: "Bu il yerdəyişmədə iştirak edərək, Bakı şəhər 194 saylı məktəbə İnformatika fənni üzrə qəbul olundum. Vakansiyada 17 saat göstərilsədə məktəbin direktoru həmin məktəbdə İnformatika fənnindən vakant yerin olmadığını bildirir. Xahiş edirik, araşdırma aparıb məlumat verəsiniz".

5. Ayla Qurbanova: "Bakı şəhəri, 321 nömrəli məktəb üzrə yerdəyişmədə iştirak edərək, İnformatika fənni üzrə 24 saat vakant dərsə qəbul oldum. Məktəbin direktoru Ceyran müəllim 6 saat dərs olduğunu bildirdi və mən məcbur imtina etdim. Araşdırıb cavab verməyinizi gözləyirəm".

6. Qurbanova Səadət Qəhrəman qızı: "İxtisasım Təsviri incəsənətdir. Laçın rayonu, 6 nömrəli məktəbə qəbul oldum. Vakansiyada verilən dərs yüküm 15 saatdır. Direktor 1 saatımı vermək istəmir, adını qoyub ki, 9-cu siniflərimdən biri bağlanıb, ancaq yalan deyir - məktəbin Təsviri incəsənət müəlliməsi Diaqnostik Qiymətləndirmədə bal toplaya bilməyib, mənim 1 saatımı isə ona verir".

7. İbrahimova Tərgül Ziyəddin qızı: "56 bal ilə Mİngəçevir şəhər 6 nömrəli məktəbə ingilis dili üzrə 20 saat vakansiyaya qəbul olmuşam. Direktor isə vakansiya vermədiyini deyir və məni qəbul etmir".

8. Alşanov Dursunəli Tofiq oğlu: "Fiziki tərbiyə üzrə Qəbələ rayon Dızaxlı kənd ümumi orta məktəbinə qəbul olmuşam. Vakansiyada verilən dərs yüküm 10 saatdır. Məktəbin direktoru deyir bu məktəbin Fiziki tərbiyə müəllimi var. Qəbələ Rayon Təhsil Şöbəsindəndə eyni sözləri deyirlər. Mən tutduğum 10 saat vakansiyanın 2, ya da 4 saatının məktəbdəki müəllimə veriləcəyini deyirlər. Məsələ ilə bağlı Oğuz rayonu 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində də oldum, oradan da eyni sözü deyirlər. O məktəbdə yer yox idisə, niyə vakansiyaya çıxardıblar? Niyə kimlərinsə səhvini biz çəkməliyik? Niyə mənim tutduğum 10 saat dərs yükü bölünməlidir? Mən haqqımı tələb edirəm".

9. Yusifova Sevinc Telman qızı: "İxtisasım Azərbaycan dili və ədəbiyyatı, bölmə Azərbaycan. 3 il Şamaxı rayonu Çaylı kənd tam orta məktəbində işləmişəm. Bu il Müəllimlərin İşə Qəbulu üzrə imtahanda iştirak elədim və 54 bal topladım. 1-ci tur yerləşdirməyə əsasən, Abşeron rayon Qobu qəsəbəsi Q. Xalıqov adına 1 nömrəli tam orta məktəbə təyin edildim. Səhifəmə bu barədə məlumat da gəlib. Sentyabrın 3-də direktorun yanında oldum və qeydiyyatdan keçdim. Sentyabrın 4-də isə direktor mənə bildirdi ki, bu yer üçün Məmmədlı Nərmin adlı başqa bir müəllim də ona qeydiyyat üçün müraciət edib. Belə ki, Nərmin Məmmədli iyun ayında yerdəyişmə müsabiqəsində iştirak edib və həmin yerə təyin edilib. MİQ imtahanında isə həmin yer yenidən vakansiyaya çıxarılıb və bu dəfə də həmin yerə mən təyin edilmişəm. 1 yerə - 2 namizəd. Bu məsələni araşdırdım və məlum oldu ki, həqiqətən də belədir. Bu problemin yaranmasının səbəbi məktəb direktorunun, Abşeron Rayon Təhsil Şöbəsinin və İnsan Resursları Mərkəzinin məsələyə laqeyd yanaşmasıdir. Kimlərinsə səhvi ucbatından niyə mən əzab çəkməliyəm".

10. Kərimli Şəbnəm Elxan qızı: "İxtisasım Kimyadır. Müəllimlərin İşə Qəbulu üzrə imtahanda iştirak elədim və 59 bal toplayaraq, 204 nömrəli məktəbə qəbul olmuşam. Ancaq direktor heç cür sənədlərimi qəbul etmir. Əvvəl bildirdi ki, 12 saat dərs vermişdim, indi sinif bağlanıb və 6 saat qalıb. Sonra sənədlərimi də götürmədi ki, mən heç bir sənəd götürə bilmərəm. Dedilər ki, sabah əlaqə saxla, məlumat verəcəklər. Zəng etdim və bildirdilər ki, sənədlərimi də götürüb məktəbə yaxınlaşım. Amma yenə zəng vurublar ki, sinif bağlanır, gəlmə. Xahiş edirəm, bu məsələ araşdırılsın".

11. Əhmədova Mehriban: "İngilis dili müəlliməsi, Azərbaycan bölməsi. Xaçmaz Rayon Təhsil Şöbəsi sənədlərimi götürmədi. Səbəb kimi isə onu göstərdilər ki, məktəbdə 2 orta ixtisas müəllimi var, mənə ehtiyac yoxdur. Mən də əziyyət çəkib yer qazanmışam. Xahiş edirəm, kömək edin".

12. Kazımova Şəbnəm Akif qızı: "Mən MİQ-dən keçib Sabunçu rayon Zabrat qəsəbəsi 71 nömrəli məktəbə 24 saat dərs yükü ilə qəbul olmuşam. Bakı Şəhər Təhsil İdarəsi sənədlərimi qəbul edəndən sonra düşdüyüm məktəbə getdim, lakin direktor Mahirə xanım ayaqüstü sənədlərimə belə baxmadan "mən sənə 24 saat dərsi verə bilmərəm, 12 saat vermişəm, onlar 24 saat yazıblar" dedi. Sonra yeni tədris ilində 20 sinifin bağlanacağını dedi. Sonra Təhsil Nazirliyində vətəndaşların qəbuluna getdim, mənə heç bir köməklik göstərilmədi. Bakı Şəhər Təhsil İdarəsinə getdim, orada Elməddin müəllim məni qarşıladı, direktora zəng vurub danışdı və sonra mənə bildirdi ki, vakansiyada göstərilən dərs yükü ilə təmin olunacam. Bu gün yenə sənədlərimi məktəbə apardım. Direktor bu dəfə daha sərt şəkildə mənimlə danışdı və bildirdi ki, "sənə cəmi 8 saat dərs veriləcək" məktəbdə dərs yoxdur. Mən yenə xatırlatdım ki, vakansiyada 24 saat dərs verilib axı. Dedi "sən kimsən ki, məni sorğu-sual edirsən, sənə "açot" verməliyəm? Bir söz demədim, otaqdan çıxdım. Baxın, budur vəziyyət. Samux rayonundan Bakıya yerdəyişmə etmişəm, 8 saatın pulunu kirayəyə verim, yoxsa kommunala? Xahiş edirəm, köməklik edin".

13. Eyyubova Təranə: "Təhsil Nazirliyinin müsabiqəsinə əsasən, Biologiya müəllimliyi üzrə yerdəyişmə etmişəm - məktəb - Şamaxı rayonu, E. Hüseynov adına 2 nömrəli tam orta məktəb. Diaqnostik Qiymətləndirmədə 57 bal toplamışam. Nazirliyin yerdəyişmə müsabiqəsi əsasında Biologiya fənnindən 12 saat vakant yeri qazanmışam. Direktor isə əvvəlcə mənə vakant yer verilməyəcəyini dedi, amma etiraz etdikdən sonra sənədlərimi qəbul etdi, amma mənə haqqım olan 12 saatı yox, cəmi 6 saat dərs verəcəyini dedi. Müraciətimi qısa zamanda cavablandırmağınızı xahiş edirəm".

14. Əliyeva Aysel Nemət qızı: "218 nömrəli məktəbə İnformatika müəllimliyi üzrə 24 saatlıq vakant yerə qəbul olmuşam. Ancaq hər dəfə məktəbə gedəndə bildirirlər ki, bu vakant yeri biz verməmişik, sizə 20, yaxud 18 saat dərs verə bilərik. Xahiş edirəm, araşdırın".

DİGƏR XƏBƏRLƏR

Top