BMT-nin baş katibi: "Hər il dünyada 1 trilyon dollardan çox rüşvət verilir"

BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik iclasında ilk dəfə "Korrupsiya və münaqişələr" mövzusu müzakirə olunub. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, iclasda çıxışı zamanı BMT-nin baş katibi Antonio Quterreş korrupsiyanın zəngin, kasıb, inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrdə mövcud olduğuna diqqət çəkib: "Dünya İqtisadi Forumunun ehtimallarına görə, dünya üzrə korrupsiyanın maliyyə dəyəri 2,6 trilyon dollar həcmindədir. Dünya Bankı isə hər il 1 trilyon dollardan çox rüşvət verildiyini bildirir". Korrupsiyanın siyasi və sosial qurumların çöküşünü sürətləndirdiyini vurğulayan Antonio Quterreş, rüşvətxorluğun zorakılıq, insan alveri, narkoticarət, qeyri-qanuni silah satışı və terrorun şaxələnməsinə, yayılmasına şərait yaratdığını bildirib.

ABŞ-ın BMT təmsilçisi Nikki Haley Venesuela, Nikaraqua, Konqo Demokratik Respublikası və İran hökumətlərini korrupsiyada ittiham edib. "Ərəb baharı"nın başladığı Tunisi misal çəkən N.Haley rüşvətxorluğun etirazlara, etirazların isə toqquşmalara və müharibələrə yol açdığına diqqət çəkib: "Korrupsiya ilə məşğul olan rejimlər görməzdən gəlinə bilməz və bu problem səssiz də müzakirə edilə bilməz. Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizlik rolunu oynayırsa korrupsiya mövzusuna da toxunmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top