Neft və qazın maya dəyəri niyə artıb?

Ötən il 1 ton neftin istehsal maya dəyəri 111,42 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,61 manat və ya 13,9% artıb. Yeniavaz.com Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən açıqlanan illik hesabata istinadən bildirir ki, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,1%, əmək haqqı xərcləri 14,5%, sosial sığorta fonduna ayırmalar 2,9%, amortizasiya ayırmaları 17,2%, təmir xərcləri 6,9%, əsas vəsaitlərə texniki xidmət 12,1%, nəqliyyat xərcləri 16,4%, mədən vergisi 8,9% və s. təşkil edir.

2017-ci ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 62,19 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 15,42 manat və ya 33% artıb. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 2,8%, əmək haqqı xərcləri 8,4%, sosial sığorta fonduna ayırmalar 1,7%, amortizasiya ayırmaları 26%, təmir xərcləri 5,9%, əsas vəsaitlərə texniki xidmət 10,5%, nəqliyyat xərcləri 15,7%, mədən vergisi 17,4% və s. təşkil edir.

SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ƏŞ-dən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2017-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 163,7 manat təşkil edib.

Neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, yanacaq xərclərinin, elektrik enerjisinin, əmək haqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, digər vergilərin artması hesabına baş verib. Belə ki, material xərcləri 785 min manat (3,4%), elektrik enerjisi 2 milyon 310 min manat (27,2%), yanacaq xərcləri 142 min manat (16,6%), əmək haqqı xərcləri 3 milyon 433 min manat (3,2%), sosial sığorta xərcləri 551 min manat (2,5%), əsas vəsaitlərin amortizasiyası 10 milyon 83 min manat (8,3%), əsaslı təmir və texniki xidmət xərcləri 64 milyon 188 min manat (78,6%), nəqliyyat xərcləri 7 milyon 708 min manat (6,5%), digər vergilər 2 milyon 953 min manat (8,1%) artıb.

Qazın maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əmək haqqının, sosial sığorta xərclərinin, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər vergilər, digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, material xərcləri 580 min manat (7,1%), əmək haqqı xərcləri 1 milyon 116 min manat (4,4%), sosial sığorta xərcləri 193 min manat (3,8%), əsas vəsaitlərin amortizasiyası 6 milyon 287 min manat (8,3%), əsaslı təmir və texniki xidmət xərcləri 23 milyon 806 min manat (85,1%), nəqliyyat xərcləri 5 milyon 373 min manat (12,1%), mədən vergisi 20 milyon 637 min manat (60,4%), digər vergilər üzrə 954 min manat (9%), digər xidmətlər üzrə xərclər 1 milyon 142 min manat (10,3%) artıb.

DİGƏR XƏBƏRLƏR

Top