Azərbaycanda bu uşaqlara pulsuz çanta veriləcək - Xeyriyyə aksiyası başladılıb

Azərbaycan Cümhuriyyətin 100 illiyi münasibəti ilə “Ümidlə dolu bir çanta” adlı xeyriyyə aksiyasına start verilib.

Yeniavaz.com saytına verilən məlumata görə, məqsəd aztəminatlı ailədən olan 100 şagirdə içi məktəb ləvazimatları ilə dolu məktəbli çantası hədiyyə etməkdir. Xeyriyyə aksiyasının ideya müəllifi “Təlimçi.az” və “Mənbə” kitab evidir.

Kitab evinin meneceri Səxavət Kərimov bildirib ki, bu xeyriyyə aksiyası ilə yeni tədris ilində aztəminatlı ailələrin uşaqlarına içi dolu çanta hədiyyə etməklə onlara az da olsa sevinc bəxş etmək istəyirlər: “Məlumdur ki, aztəminatlı ailələr yeni dərs ilində məktəbə gedəcək övladlarına məktəbli çantası almaqda çətinlik çəkirlər. Fikirləşdik ki, xeyriyyə aksiyası təşkil edib bu insanları sevindirək”.

“Təlimçi.az” layihəsinin rəhbəri Mahir Dadaşovun sözlərinə görə, dolu çantanın birinin qiyməti 45 manata başa gəlir: “Hər kəs bu pulu ödəməklə xeyriyyə aksiyasına qoşula bilər. Neçə gündür sosial şəbəkələrdə xeyriyyə aksiyamızla baglı paylaşımlar edilir, ehtiyacı olan 80 aztəminatlı ailə artıq bu kampaniya ilə bağlı bizə müraciət edib və vəsait toplanacağı təqdirdə, çantaların təqdim olunacağı günü gözləyirlər.

Xeyriyyə aksiyasının yekununda, yəni sentyabırın 15-də “Premier Expo” otelində tədbir keçiriləcək, aztəminatlı ailələrin nümayəndələrinə çantalar təqdim olunacaq. Tədbirdə xeyriyyə məqsədi ilə bir neçə müğənni və sənət adamları da iştirak edəcək.

Qeyd edək ki, tədbirin aparıcısı, aksiyanın könüllüsü tanınmış teleaparıcı Səbuhi Yusibli olacaq. İstənilən şəxs və ya şirkət bu xeyriyyə aksiyasına qoşula bilər. 100 çantanı simvolik olaraq müəyyənləşdirmişik, əgər xeyriyyə aksiyası çərçivəsində daha çox məktəbli çantası üçün vəsait toplanarsa, onda daha çox aztəminatlı ailənin övladları sevinəcək. Elə insanlar da ola bilər ki, bir çantanın pulunu verməyə imkanları yoxdur, bir neçə nəfər birləşib 1 çantanın alınmasına dəstək ola bilər.

Xeyriyyə marafonuna qoşulmaq, aztəminatlı ailələrin övladlarına sevinc bəxş etmək istəyənlər (+994) 502289798 və (+994) 557403151 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top