
Abşeron rayonu, Xırdalan şəhəri, Olimp MTK-ya məxsus bina 18, mənzil 32-də yaşayan vətəndaş Nağıyeva Könül Zəki qızı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçı hüqunun pozulduğunu iddia edir.
Yeniavaz.com saytı onun şikayəti ilə bağlı "Azəriqaz"dan açıqlama alıb.
Əvvəlcə vətəndaşın şikayətinə diqqət yetirək: "Abonent kodu 011401301800320 olan mən Nağıyeva Könül Zəki qızı həyat yoldaşım və 3 övladımla 2010-cu ildən sözügedən yeni tikilmiş binaya köçmüşük. 2017-ci ilin dekabr ayında nəhayət mənzilimizi təbii qazla təchiz etdilər, amma sevincimiz uzun sürmədi. Qaz verilişindən 5 gün sonra, yəni 4 yanvar 2018-ci il tarixində qazın işləndiyi halda qaz sayğacının fırlanmadığını gördük. Vicdanlı vətəndaş kimi dərhal qaz idarəsinin "qaynar xətt"inə (104) məlumat verdik. 08.01.2018-ci il tarixdə Abşeron qaz idarəsinin əməkdaşları gəlib sayğaca baxış keçirdilər və aşkar edildi ki, sayğac təzyiq nəticəsində şişib. Sayğacı dəyişdirdilər və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə 5332569 nömrəli akt tərtib edildi. Aktda qaz sayğacının qazın təzyiqi nəticəsində arxa tərəfinin şişməsi qeyd edilmişdi. Bundan sonra kartımdakı pulu yeni alacağım koda keçirmək üçün ASAN xidmətə müraciət etdim, işimiz asan oldu. Bura kimi hər şey normal idi.
2018-ci ilin aprel ayında Abşeron qaz idarəsindən bizə zəng edib cəriməmizin olduğunu dedilər. Mən idarəyə getdim. Orada mənə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 0153539 saylı Akt təqdim edildi və 30 manat cərimə və əlavə olaraq sayğac işləməyən günlər üçün 24 m3 qaz sərfiyyatı etdiyimiz bildirildi. Qaz sərfiyyatını anladıq, amma cərimədən imtina etdik. Çünki sayğacın xarab olmasında özümüzü təqsirli bilmirik. Sayğaca heç bir müdaxilə etməmişik. Daha əvvəl də 30 manat cərimə haqqında heç bir sənəd və bildiriş də almamışıq. Ümumiyyətlə, 30 manat cərimə haqqında bizə idarədə də sənəd təqdim edilmədi.
Bu ilin avqust ayında smartkarta pul yükləmək istədiyimiz zaman kartın bloklandığını gördük. Yenidən Abşeron qaz idarəsi, ASAN xidmət və sayğac departamenti arasında get-gəldən sonra sayğac departamenti bizə 212 manat cərimə yazıldığını şifahi olaraq bildirdi. Səbəbini soruşduqda bizə sayğaca müdaxilə edildiyi deyildi. Halbuki özlərinin və daha öncə Azəriqaz İB-nin verdiyi aktlarda qazın təzyiq nəticəsində şişdiyi yazılmışdı. Biz dəfələrlə sayğaca müdaxilə etmədiyimizi söyləsək də xeyri olmadı. 8 ildən sonra qaz veriblər, ayda 120 manat işıqpulu ödəyən sakinəm, 5-10 manat qaz puluna görə sayğaca niyə müdaxilə etməliyəm ki? Müdaxilə edilibsə, izləri və sübutu göstərsinlər. Həm də akt niyə 8 aydan sonra tərtib edilib? Bizə nə 30, nə də 212 AZN cərimə haqqında heç bir sənəd və bildiriş nə göndərilib, nə də özümüz gedib istədiyimiz halda təqdim edilməyib. Hadisədən 8 ay sonra kartımızın bloka düşdüyünü görürük. Nə evə bildiriş gəlib, nə tələb etdiyimiz halda bizə sənəd təqdim edilib. Biz ümumiyyətlə o cəriməni qəbul etmirik. Belə çıxır ki, kartım bilərəkdən bloka salıb, bizdən qanunsuz ödəniş tələb edirlər. Sayğac şar deyil ki, üfürüb şişirək? Bu müddətdə mənim və yoldaşımın həm vaxtı gedib, həm də əsəblərimiz korlanıb. Xahiş edirəm, bizə haqsız yazılmış cərimələr pozulsun, kartım blokdan çıxarılsın".
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Yeniavaz.com saytına açıqlamasında bildirib ki, vətəndaşın bu müraciətinin nə dərəcədə doğru olub-olmadığını araşdırmaq lazımdır: "Belə məsələlərlə bağlı "Azəriqaz" İstehsalat Birliyinə müraciət olunur, işçi qrupu tərəfindən təkrar araşdırılır, baxış keçirilir və vətəndaşa yekun, yazılı şəkildə cavab verilir.
Onu da qeyd edim ki, sayğacda hər hansı bir səbəbdən qüsur baş verirsə, bunu ya abonentin özü aşkarlayır, ya da "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həmin fakt aşkarlananda sayğac qaz xətti üzərindən çıxarılır, abonentin qazsız qalmaması üçün yerinə yeni sayğac quraşdırılır. Nasaz sayğac dövlət yoxlamasından keçirilməsi üçün aparılır və müddətdən asılı olmayaraq, dövlət yoxlamasından rəy gələndə ona uyğun tədbir görülür. Əgər rəyə əsasən, sayğacın kənar müdaxilə nəticəsində xarab olduğu müəyyən edilsə, o zaman həmin cihazın, itirilmiş qazın dəyəri hesablanır və abonentdən tələb olunur. Yox əgər rəydə zavod istehsalı qüsur olduğu bildirilsə, o zaman abonentdən hər hansı bir vəsait tələb olunmur. Siz qeyd edirsiniz ki, Xırdalanda yaşayan həmin xanım sayğacın təzyiq nəticəsində şişdiyini bildirir. Amma belə bir şey yoxdur, çünki indiyədək bizim təcrübəmizdə qazın təzyiqi nəticəsində sayğacın şişməsi faktına rast gəlinməyib. Mən həmin vətəndaşa təkrarən "Azəriqaz" İstehsalat Birliyinə müraciət etməyi məsləhət görürəm. Düzdür, rəy gəlib və o rəyə uyğun tədbir görüblər, amma narazılıq varsa, "Azəriqaz" İstehsalat Birliyinə müraciət etsin, işçi qrupu tərəfindən yenidən araşdırılsın".
İbrahim Kərbalayev bir məqama da toxunub: "Yeni binaların - MTK-ların tikdikləri binaların qazlaşdırılması "Azəriqaz" tərəfindən həyata keçirilmir. "Azəriqaz" tərəfindən həmin binalara yalnız qazın açılması təmin olunur. MTK-nin sifarişi ilə xüsusi icazəsi - lisenziyası olan podratçı şirkətlər tərəfindən layihə-smeta sənədləri tərtib olunur, aidiyyəti qurumlarla razılaşdırılıb tikinti norma və qaydalarına uyğun olaraq qazlaşma işləri həyata keçirilir və yekunda zəruri sənədlərlə "Azəriqaz" İstehsalat Birliyinə müraciət olunur, ondan sonra bizim nümayəndələrimiz tərəfindən həmin binaya, tək-tək mənzillərə baxış keçirilir. Qaydalara uyğundursa, hər bir vətəndaşla alqı-satqısı müqaviləsi bağlanır, abonent kimi qeydiyyata alınır, müqavilə bağlanır, mənzilə qaz verilişi təmin olunur. Amma bir daha deyirəm, bu günədək təcrübəmizdə sayğacın qazın təzyiqi şişməsinə rast gəlinməyib. Bütün hallarda şikayətlə bağlı vətəndaşa "Azəriqaz"a təkrar müraciət etməyi məsləhət görürəm".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz