
Azərbaycanda qadınların aldığı əmək haqqı kişilərin aldığı əmək haqqından azdır. Belə ki, ölkə üzrə muzdla işləyən qadınların orta aylıq əmək haqqı 335,7 manat, kişilərin orta aylıq əmək haqqı isə bundan 97,5% çox - 663,1 manat olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, yalnız bir sahə - kənd təsərrüfatı sahəsi istisna olmaqla digər bütün sahələrdə kişilər qadınlardan daha çox əmək haqqı alır.
Komitənin açıqladığı sonuncu statistik göstəricidən belə görünür ki, kənd təsərrüfatı sahəsində muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 265,4 manat olub. Bu sahə üzrə kişilərin aldığı əmək haqqı isə bundan cəmi 1,7% az - 260,4 manat təşkil edib.
Qeyd etdiyimiz kimi, digər sahələrdə kişilərin əmək haqqı daha yüksək olub. Ən böyük fərq peşə, elm və texniki fəaliyyət sahələrində qeydə alınıb. Peşə, elm və texniki fəaliyyəti sahələrində kişilər qadınlardan 3,1 dəfə çox əmək haqqı alıblar. Bu sahədə qadınların orta aylıq əmək haqqı 477,5 manat, kişilərin orta aylıq əmək haqqı isə 1492,3 manat olub.
Ən az fərq isə təhsil sahəsində qeydə alınıb. Təhsil sahəsində çalışan qadınların orta aylıq maaşı 306 manat olduğu halda kişilərin orta aylıq maaşı bundan 16,7% çox - 367,5 manat olub.
Ümumiyyətlə muzdla işləyən kişilər və qadınlar arasında ən yüksək əmək haqqını mədənçıxarma sahəsində işləyənlər alıb. Bu sahədə qadınlar ayda orta hesabla 1591,6 manat, kişilər isə 3297,1 manat maaş alıblar.
Kişilərin ən az əmək haqqı aldıqları sahə qeyd etdiyimiz kimi kənd təsərrüfatı sahəsi (260,4 manat) olub. Qadınların ən az əmək haqqı aldığı sahə isə səhiyyə və sosial xidmətlər sahəsi olub - 203,5 manat.
Tətbiqimizi yükləyə bilərsiniz