MİDA: "Sosial evlərin satışı başa çatdı", Vətəndaşlar: "Sistemdə yenə problem yaşandı"

"Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə 05.09.2018-ci il tarixində saat 15:00-da başlanılmışdır və mənzillərin seçimi uğurla başa çatdırılmışdır".

Yeniavaz.com xəbər verir ki, bu fikirlər qurumun yaydığı açıqlamada yer alıb.

"Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

Bu saata olan məlumata görə satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilmişdir. Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Elektron Hökumətin İnkişafı Mərkəzi" və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilirdi",-deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün səhər "Elektron hökumət” portalında (e-gov.az) “Güzəştli mənzil” sisteminin işində problem yaranmış, satış 15:00-dək təxirə salınmışdı.

Sosial şəbəkədəki "MİDA evimizi qaytar" adlı qrupda vətəndaşlar yenə də sistemdə problem yaşandığını, seçim edə bilmədiklərini yazıblar. Onlar dediklərinə sübut kimi sistemdə yaranmış problemi "screen" edib fotolarını paylaşıblar.

İradə Kərimova adlı vətəndaş yazır: "Bu mənzil göründü, amma nə qədər gözlədim, açmadı. Əgər mənzil seçilmişdisə, niyə göründü, göründüsə, niyə seçə bilmədim?".

O, dediklərinə sübut kimi aşağıdakı fotonu paylaşıb.

Kənan Cəfərov yazır: "Bəs buna nə deyirsiz? Mənzili seçdim, bu gəldi".

O, dediklərinə sübut kimi aşağıdakı fotonu paylaşıb.

Qeyd edək ki, baş verənlərə etiraz olaraq bir qrup vətəndaş MİDA-nın qarşısına toplaşaraq, yaranmış problemə aydınlıq gətirilməsini istəyiblər. MİDA rəhbərliyi tərəfindən qəbul olunan vətəndaşlara sistemdə heç bir problem olmadığı bildirilib. Ancaq vətəndaşlar bu cavabla qane olmayıblar və qurumun rəhbərliyinə rəsmi ərizə ilə müraciət ediblər.

DİGƏR XƏBƏRLƏR

Top