Sükan arxasında yatan sürücü ilə bağlı marşrutun sahibi agentliyə çağırılıb - RƏSMİ

Bakıda marşrut avtobusu sürücüsünün sükan arxasında yuxulaması ilə bağlı video yayılandan sonra bununla bağlı araşdırmalara başlanılıb. Bu barədə Yeniavaz.com saytına açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Videodan belə aydın olur ki, 39 saylı marşrut xətti üzrə hərəkət edən sürücülərdən biri səhər saatlarında içi sərnişinlə dolu avtobusun sükanı arxasında yuxulamağa başlayıb və anidən onu yuxu aparıb.

Mais Ağayev deyib ki, 39 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcının sahibi bu gün sözügedən məsələ ilə bağlı BNA-ya çağırılıb: "Hazırda onunla söhbətlər aparılır, məsələnin səbəbi araşdırılır. Araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcək, tədbir görüləcək".

Sözügedən video sosial şəbəkələrdə paylaşılarkən bir çox vətəndaşlar avtobus sürücüsünün qınanmasının doğru olmadığını bildiriblər. Onların fikrincə, avtobuslarda iş rejimi uzun olduğundan sürücülərin yuxulamaması mümkün deyil.

Mais Ağayevdən bu məsələni də soruşduq.

"Hansı avtobuslar nağdsız ödəniş sistemində fəaliyyət göstərirlərsə, yəni aylıq konkret əməkhaqqı sistemi ilə çalışırlarsa, həmin marşrut xətlərində sürücülərin istirahət və iş rejimi, eyni zamanda digər əmək münasibətlərinin tənzimlənməsində hər hansı bir problem müşahidə olunmur. Amma plan sistemi ilə çalışan marşrut şəbəkəsində - hansıki bu gün onların sayı daha çoxdur - bu kimi problemlər olur.

Qeyd etmək istərdim ki, bu gün Bakı şəhərində avtobus parkının yenilənməsi işləri gedir. Biz dəfələrlə daşıyıcılar qarşısında sürücülərlə bağlı məsələni də qaldırmışıq ki, onların iş rejimi və istirahət məsələsinə xüsusilə diqqət yetirsinlər, bu sahədə olan çatışmazlıqları qısa vaxt ərzində aradan qaldırsınlar.

Problemi aradan qaldıranlar var, lakin işinə məsuliyyətsiz yanaşan daşıyıcılar da az deyil. Avtobus parkının yenilənməsi işləri çərçivəsində yeni müasir, komfortlu avtobuslar alınıb gətiriləcək, o zaman həmin marşrut xətləri müsabiqəyə çıxarılacaq. Sürücü bazası, avtobuslarının texniki vəziyyəti standarta cavab verməyən daşıyıcılar xəttən kənarlaşdırılacaq və bu kimi məsələlər də öz həllini tapmış olacaq",-deyə Mais Ağayev vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top