Yaylaqda bir gün - Tərəkəmələrin həyat tərzi - VİDEO

Köçəri həyat tərzi sürən tərəkəmələr Kür-Araz ovalığında, Mil-Muğan və Şirvan düzlərində yaşayırlar.

Yeniavaz.com xezerxeber.az-a istinadən bildirir ki, əsasən qoyunçuluqla məşğul olan tərəkəmələr yayda yaylaqlara, payızda isə Arana - Çeyrançöl ərazilərinə köçürlər.

Bütün mal-qaranı yığıb may ayından yaylağa gedən tərəkəmələr özləri üçün əlverişli yerdə yurd salırlar. Dağlıq ərazilərə, yaylaqlara getməkdə onların məqsədləri heyvanlarını yaxşıca otarmaqdır.

Bu həyat tərzi əsrlərdir nəsillərdən-nəsillərə ötürülür. Gədəbəy rayonu ərazisində tərəkəmələrin yaylaq əraziləri çoxdur. Yataqlar Düz Yurd kəndində çox olsa da, Başkənddə olan yaylaqlar da az deyil.

Səhər dan yeri söküləndən günortaya kimi iribuynuzlu və xırdabuynuzlu heyvanlar sahələrdə otarılır. Saat 4-dən axşam hava qaralanadək heyvanlar yenidən otarılmaq üçün sahələrə çıxarılır.

Tərəkəmələrin hər təminatı təbiətin hesabına başa gəlir. Yalnız elektrik enerjisini generatorlar vasitəsilə təmin edən köçərilər quru odun parçaları ilə yemək bişirirlər. Alaçıqlarda gecələyən təsərrüfat sahibləri bəzən çöllərdə də gecələməli olurlar. Bu zaman onları və sürünü tərəkəmələrin etibarlı dostu olan itlər qoruyur. "Qurdbasan", "Ayıboğan", "Aslan", "Alaş", "Pələş" kimi vəfalı dostlar bəzən sürünü çobansız da otarırlar. Çöldə olmağın isə hər anı təhlükəli və macəra ilə doludur...

Uzun yorğunluqdan sonra onların dincəlməyə də vaxtları olur. Gənc çobanlar yorğunluqlarını musiqi dinləyib, rəqs etməklə çıxarırlar.

Artıq bir aydan sonra yenidən qışlağa köç başlayacaq. Köç prosesi oktyabrın ilk yarısından sonuna kimi davam edir.

video

DİGƏR XƏBƏRLƏR

Top