
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı Donetsk Xalq Respublikasının (DXR) başçısı Aleksandr Zaxarçenkonun öldürülməsi ilə əlaqədar başsağlığı verib. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, bu barədə Kremlin saytında V. Putinin bəyanatı dərc olunub.
Prezident teleqramında deyilir: “Aleksandr Zaxarçenkonun alçaqlıqla öldürülməsi daha bir sübutdur: terror, zorakılıq, qorxutma yolunu seçənlər münaqişənin dinc, siyasi həllini istəmirlər, cənub-şərqin (Ukraynanın) sakinləri ilə real dialoq aparmaq istəmirlər. Donbass xalqını diz çökdürmək üçün vəziyyətin gərginləşdirilməsinə təhlükəli stavka qoyurlar”.
V. Putin bildirib: “Ümid edirəm ki, bu cinayətin təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar”. Rusiya Prezidenti, həmçinin A. Zaxarçenkonu əsl xalq lideri, cəsarətli və qətiyyətli insan, Donbassın vətənpərvəri adlandırıb.
Bu arada Rusiya İstintaq Komitəsi A. Zaxarçenkonun öldürülməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin “Beynəlxalq terrorçuluq aktı” maddəsi üzrə cinayət işi qaldırıb. Rusiya Xarici İşlər Nazirliyi isə onun qətlini terror aktı adlandırıb və Kiyevi qətlin törədilməsini təşkil etməkdə günahlandırıb.
Xatırladaq ki, A. Zaxarçenko avqustun 31-də Donetskin “Separ” kafesində baş vermiş partlayış zamanı ölüb. Partlayış nəticəsində qondarma DXR-in “gəlirlər və yığımlar naziri” Aleksandr Timofeyev xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz