
Bu gün Bakıda "Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili" layihəsi çərçivəsində “Kaspi Geosiyasi” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə informasiya əldə etmək hüququ ilə bağlı KİV nümayəndələri və vətəndaşların informasiya sorğusunun cavablandırılmasında mövcud olan problemlər müzakirə olunub, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları saytlarında aparılan monitorinqin nəticələri elan edilib.
Monitorinqin nəticələrinə əsasən, 31 Mərkəzi İcra hakimiyyətinin internet resursları sırasında 16 qurum məmnunedici xidmət göstərir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azadinform" İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev sözügedən qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar: "Bu sırada Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Vergilər, İqtisadiyyat nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərsu" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC, Dövlət İmtahan Mərkəzi, “ASAN Xidmət”, Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC və "Azərenerji" ASC-ni göstərmək olar”.
N. Niftiyev internet saytları aktiv, sosial şəbəkə hesabları az yenilənən, mətbuat xidməti rəhbərlərinin görülən işləri yaxşı təqdim edən 14 qurumun da monitorinqə daxil edildiyini bildirib: “Bu sırada Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Gömrük Komitəsi yer alır”.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, 2016-cı il aprel hadisələri və 2018-ci il Gəncə hadisələri zamanı mətbuat xidmətləri ilə media arasında müəyyən anlaşılmazlıq yaşanıb: "Lazım olan informasiyanı lazımi anda çatdırmayanda yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün aylar lazım olur. Sadəcə olaraq, lazımi anda bir kəlmə söz lazımdır. Məlumatı həmin anda çatdırırsansa, bu, böyük bir hesabat hazırlamaq kimi dəyərlidir. Amma həmin anda məlumat verilməyəndə, bunun fəsadları yaranır və onları aradan qaldırmağa xeyli vaxt lazım olur. Halbuki ölkəmizdə informasiya alınması ilə bağlı qanunvericilik yüksək şəkildə təşkil olunub. Bu qanunvericilik imkan verir ki, nəinki jurnalistlər, istənilən şəxs qurumlara müraciət edərək informasiya əldə edə bilsin. Düzdür, bəzi məqamlarda müəyyən informasiyaları açmaq olmaz. Amma bundan sui-istifadə etmək yolverilməzdir. İnformasiyanın idarə olunması tam başqa texnologiyadır. Cəmiyyətə lazım olan informasiya ötürülməlidir”.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə: "Əvvəlki dövrlə müqayisədə indiki dövrdə mətbuat xidmətləri daha yaxşı işləyirlər. Əvvəllər hər hansı dövlət qurumunda mətbuat xidməti vəzifəsinə qohumlar təyin olunurdu. İndi isə bu işə jurnalistlər, bu işi bilənlər təyin olunur. Rəhbərlər anlayıb ki, mətbuat xidməti qurumun simasıdır, bu vəzifəyə peşəkar təyin olunmalıdır. Bunu son illərin müsbət halı kimi qiymətləndirirəm”.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı bukletlər paylanıb.
Tətbiqimizi yükləyə bilərsiniz