Cəlilabadda qəribə hadisələr: İnsanlar kütləvi şəkildə bir-birini niyə döyür?

Ötən gün Cəlilabad rayonunda kütləvi dava olub. Kütləvi davanın rayonun Suluçeşmə kəndində baş verdiyi bildirilir. Mətbuatda yer alan məlumatlara görə, hadisə nəticəsində kənd sakini, 1980-ci il təvəllüdlü Ağayev Səyyad Sədulla oğlu hələlik məlum olmayan səbəblərdən bir neçə tanıdığı şəxslə dava edib və dava nəticəsində Səyyad Ağayev göz nahiyəsindən xəsarətlər alıb.

Məlumat üçün bidirək ki, son bir-neçə ay ərzində Cəlilabad rayonunda çoxlu sayda kütləvi davalar baş verib. Yeniavaz.com son 4 ay ərzində Cəlilabad rayonu ərazisində qeydə alınan kütləvi davaların bəzilərini təqdim edir:

1. Bu ilin 19 aprel tarixində rayonun Suluçeşmə kəndində baş verən kütləvi dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.

2. 25 aprel tarixində rayonun Privolniye kəndində kənd sakini, Şahmarov Elvin Şirbala oğlu qardaşı Elgün ilə birlikdə qonşusu 1989-cu il təvəllüdlü Şükürov Elməddin Cavid oğluna 10-dan çox bıçaq xəsarəti yetiriblər. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

3. 17 may tarixində 1987-ci il təvəllüdlü Babaxanlı kənd sakini Qaraşov Aqil Əkbər oğlu kütləvi dava zamanı müxtəlif bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

4. 30 may tarixində rayonun Sabirabad kəndində 1980-ci il təvəllüdlü Əliyev Babək Vəlihəd oğlu və onun atası, 1946-cı il təvəllüdlü Əliyev Vəlihəd Əziz oğlu tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

5. 7 iyun tarixində Cəlilabad rayon sakinləri İqbal Həsənov və İlqar Həsənov şəhər sakini Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar. Daha sonra polislər kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənovu saxlayıblar.

6. 10 iyun tarixində rayon ərazisində, 1975-ci il təvəllüdlü yerli sakin Sadıqov Zamiq Mirzəyar oğlu bir neçə nəfər tərəfindən döyülüb. O, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

7. 19 iyun tarixində rayonun Kirovka kənd sakinləri - 1987-ci il təvəllüdlü Adaşov Elçin Xeyrulla oğlu və 1989-cu il təvəllüdlü Əmənov İbrahim Nazim oğlu kütləvi dava zamanı müxtəlif bədən xəsarətləri alıblar. Məlumata görə, hadisə zamanı bir qadın da xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq yardım göstərilib.

8. 9 iyul tarixində rayon ərazisində kütləvi dava zamanı 1990-ci il təvəllüdlü Şixəliyev Tural Tofiq oğlu tanıdığı adamlar tərəfindən döyülüb. Yaralı baş nahiyəsindən aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

9. 28 iyul tarixində rayonun Üçtəpə kəndində kütləvi dava zamanı kənd sakini 1984-cü il Əliyev Zaur Məhəbbət oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

10. 1 avqust tarixində rayon ərazisində baş verən kütləvi dava zamanı rayon sakini, 1978-ci il təvəllüdlü Zamiq Ağaqardaş oğlu Nuriyev döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

11. 13 avqust tarixində 1995-ci il təvəllüdlü Alar kənd sakini Rüstəmov Fəzail Asəf oğluna küt alətlə xəsarət yetirilib. O, ayaq və diz nahiyələrindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib. F.Rüstəmovun dediyinə görə, ona tanıdığı adam xəsarət yetirib. Həmçinin dediyinə görə, onu ötən gün döyüblər.

12. 18 avqust tarixində Cəlilabad rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib. Rayonun Uzuntəpə kəndinə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər. Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.

13. 18 avqust tarixində kütləvi dava zamanı rayonun Göytəpə şəhərində 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

14. 25 avqust tarixində Cəlilabad rayonunda kütləvi dava zamanı Bakı şəhərinin Pirallahı rayon sakini, 1981-ci il təvəllüdlü Qafarov Emil Telman oğlu dava zamanı tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı göz nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

15. 29 avqust tarixində Cəlilabad rayonunun Ocaqlı kəndində 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova qonşuları, “Cıkma” ləqəbli Yaşar Bayramov tərəfindən qətlə yetiriliblər. Mətbuatın yazdığına görə “Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. “Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini deyib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib. İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb.

Kütləvi davalardan başqa son aylar ərzində Cəlilabad rayonu ərazisində insanların ciddi xəsaratlar alması ilə nəticələnən döyülmə halları da qeydə alınıb. Onlardan bəzilərini təqdim edirik:

1. 29 avqust tarixində rayonun Maşlıq kəndində kənd sakini, 2007-ci il təvəllüdlü (11 yaş) Aysel Natiq qızı Niftullayeva atası tərəfindən döyülüb. O, qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərilib.

2. 21 avqust tarixində rayonun Ağdaş kəndində kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədova Pərvanə Vəli qızı əri tərəfindən döyülüb. Nəticədə o, kəllə-beyin travması alıb. Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib.

3. 19 iyul tarixində rayonun Üçtəpə kənd sakini, 1988-ci il təvəllüdlü Yuriyev Murad Sadıq oğlu tanıdığı şəxs tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

4. 18 iyul tarixində rayonun Abışabad kənd sakini, 1990-ci il təvəllüdlü İmanova Vəfa Əliməmməd qızı tanıdığı şəxslər tərəfindən döyülüb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

5. 12 iyul tarixində şəhər ərazisində, 1996-cı il təvəllüdlü Təhməzov Azər Sakit oğlu döyülüb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

6. 4 iyul tarixində rayon sakini, 1957-ci il təvəllüdlü Feyziyeva Səmiya Əzizağa qızı həyat yoldaşı və gəlini tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

7. 4 iyul tarixində rayonun Qarazəncir kəndində kənd sakini, 1986-cı il təvəllüdlü İslamov Elvin Orucəli oğlu kəsilmiş-deşilmiş yara ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

8. 1 iyul tarixində rayonun Zopun kənd sakini Həmzəyev Coşqun Nəribala oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

9. 1 iyul tarixində rayonun Suluçeşmə kəndində 1959-cu il təvəllüdlü yerli sakin Məmmədova Gülxas Sahib qızı qardaşının həyat yoldaşı tərəfindən döyülüb. Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

10. 30 iyun tarixində rayonun Uzuntəpə kəndində həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Arzu Allahşükür qızı İbişova əri tərəfindən döyülüb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

11. 15 iyun tarixində Cəlilabad şəhərində 1996-cı il təvəllüdlü Hacıbabayeva Farimə Azad qızı qayınanası və həyat yoldaşı tərəfindən döyülüb. O, müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib.

12. 12 may tarixində Cəlilabad şəhərinin N.Nərimanov küçəsində yaşayan 1961-ci il təvəllüdlü Babayeva Gülüstan Kərəməli qızı tanıdığı şəxs tərəfindən döyülüb. Xəsarət alan qadına Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

13. 9 may tarixində rayonunun Təzəkənd kəndində, 1978-ci il təvəllüdlü yerli sakin İsmayılova Xoşbəxt Həzi qızı mübahisə zəminində qonşu kişi tərəfindən döyülüb. Yaralı qadın müxtəlif xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

14. 9 may tarixində rayonunun Privolniye kəndində kənd sakini, Məmmədov Qurban Şirvan oğlu mübahisə zəminində arvadı Elmira Məmmədovanı və oğlu Elsevər Məmmədovu bıçaqlayıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

15. 8 may tarixində şəhərin H.Aslanov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Əliyeva Səmayə ürək nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal "təcili yardım" maşını ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, onu qaynı bıçaqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top