Bundan sonra dövlət büdcəsi neft gəlirlərinin dəyişməsindən daha az asılı olacaq

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” imzalanan qanun 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydasının tətbiqini nəzərdə tutur. Yeniavaz.com Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhfə verəcək:

“Büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir. Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə də büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır. Bununla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq kontr-tsiklik büdcə siyasətinin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulur ki, bu da ölkə iqtisadiyyatının daxil olduğu post-neft dövrü üçün mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, büdcə qaydasına dair qanun Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 29 iyun 2018-ci il tarixində qəbul olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top