"Azərbaycanlı xanımlar saçlarını kəsdirib bizə göndərir" - AÇIQLAMA

"Bu yaxınlarda feysbukda bir elan gördüm, 22 yaşlı xərçəng xəstəsi olan bir qıza saç lazım idi. Sintetik parik qoyduğu üçün başında yaralar əmələ gəldiyini yazmışdı. Həmin xanım müəllimə işləyir, başına parik qoymağa məcbur idi, ona görə təcili saç axtarırdı. Fikirləşdim ki, gedim öz saçlarımı həmin xanıma bağışlayım".

Bu sözləri Yeniavaz.com saytına açıqlamasında "Saçım saçın olsun” layihəsinin rəhbəri Sevinc Məmmədova deyib.

Qeyd edək ki, layihənin əsas məqsədi xərçəng səbəbindən saçlarını itirən xanımlara təbii saçlarla dəstək olmaqdır.

Sevinc Məmmədova bildirib ki, həmin elanda saç axtaran xanıma öz saçlarını bağışlayarkən belə bir layihə başlatmaq ideyası barədə qərar verib: "Getdik gözəllik salonuna, mənim saçımı kəsib götürdülər. Salonda olduğum müddətdə həmin müəllimə ilə ustanın söhbətinə qulaq asdım və aydın oldu ki, təbii saçın qramının qiyməti uzunluğuna görə ən ucuz 70-100 manatdır. Həmin usta pariki mən saçımı verdiyim xanıma 200 manata tikdi. Bir parikin hazırlanması 400-500 manata başa gəlir. Həmin xanım elə də imkanlı biri deyildi, gördüm ki, maddi baxımdan necə çətinlik çəkir. Onda ağlıma gəldi ki, Türkiyədə "Saçım saçın olsun” layihəsi var, qoy bizdə də olsun".

S. Məmmədova layihəyə qoşulmaq istəyənlərin sayının çox olduğunu deyib: "Həddindən artıq maraq var, xanımlar bizə yazırlar. Çoxları saçını bağışlamaq üçün yazır, elə insanlar da var sadəcə təşəkkür mesajı yazırlar. Sabah 6-7 nəfərlə görüşəcəm, onlar da saçlarını kəsib verirlər.

Müalicədən sonra saçların bərpa olunması təxminən 1 il çəkir. Həmin müddətdə parik çox rahat işə yarayır. Yuyursan, qurudursan və uzun müddət istifadə edirsən.

Hazırda növbədə gözləyən 3 xanım var. Müraciət ediblər ki, bizə parik lazımdır. İki xanıma parik vermişik, bir xanımın isə öz saçı bir az vardı deyə əlimizdə olan saçı qaynaq üçün ona verdik.

Bizə feysbukdan yazan, zəng vuran xəstələrlə özüm görüşürəm, çünki insanlar mənə güvənib öz saçlarını verirlər, istəmirəm kiminsə saçı başqa məqsədlər üçün istifadə olunsun".

S. Məmmədova vaxtilə anasının da xərçəng xəstəsi olduğunu qeyd edib: "Bu xəstəliyin müalicəsi özünüz də bilirsiniz ki, çox ağır olur. Onların ehtiyacı tək saça deyil, elə ailələrə çox kömək lazım olur. Amma sözün düzü, bizim əlimizdən ancaq tək bu cür kömək etmək gəlir, bu yolu seçmişik".

Qeyd edək ki, layihəyə dəstək olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər.

https://www.facebook.com/Sa%C3%A7%C4%B1m-sa%C3%A7%C4%B1n-olsun-247325505868396/

Nicat

DİGƏR XƏBƏRLƏR

Top