Türkiyə ABŞ-a daha çox məhsul satmağa başlayıb

Bu ilin avqust ayı ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 34 milyard 136,3 milyon dollar olub. Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2017-cı ilin analoji dövrü ilə müqayisədə 0,1% çoxdur. Bu dövürdə qardaş ölkədə idxalın həcmi 6,7% azalaraq 20,1 milyard dollara düşüb, ixracın həcmi isə 11,6% artaraq 14,1 milyard dollara yüksəlib.

Xarici ticarət dövriyyəsində 5,9 milyard dollarlıq mənfi saldo yaranıb.

Ən çox məhsul Almaniyaya satılıb. İyul ayında Almaniyaya 1,29 milyard dollar dəyərində məhsul satılıb və ötən ilin iyul ayı ilə müqayisədə 6,9% artıb. İxracda ikinci sırada 1,008 milyard dollarla Böyük Britaniya (artım - 24,6%), 850 milyon dollarla ABŞ 33,3%), 750,1 milyon dollarla İtaliya (8,6%) yer alıb.

Türkiyənin ən çox məhsul satdığı ölkələrin sırasında İsrail 10-cu sırada yer alıb və iyul ayında Türkiyə İsrailə 302,1 milyon dollar dəyərində məhsul satıb. Ötən ilin iyul ayı ilə müqayisədə Türkiyənin İsrailə satdığı məhsullarıln dəyəri 19,1% artıb.

Türkiyənin ən çox məhsul aldığı ölkələrin sıralamasında ilk sırada Çin dayanır. İyul ayında Türkiyə Çindən 1,97 milyard dollarlıq məhsul idxal edib və göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% az olub. Türkiyənin ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerləri Rusiya (1,88 milyard dollar), Almaniya (1,69 milyard dollar) və ABŞ (1,12 milyard dollar) tutur.

Məlumat üçün bildirək ki, son bir neçə aydır mətbuatda və sosial şəbəkələrdə Türkiyə ilə ABŞ arasında həm siyasi, həm də iqtisadi sahədə qarşıdurmanın olduğundan bəhs olunur. Hətta hər iki ölkənin birinci şəxsləri tərəfindən qarşılıqlı ittihamlar səsləndirilir. Türkiyədə ABŞ valyutasının - dolların yandırılması və ondan mübadilə vasitəsi kimi istifadənin dayandırılması barədə çoxsaylı video-kadrlar paylaşılır. Amma maraqlıdır ki, Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlar ortaya tam fərqli mənzərə qoyur. İki ölkə arasında qarşıdurmanın ən yüksək səviyyəyə qalxdığı iyul ayında Türkiyədən ABŞ-a satılan məhsullar ötən ilin iyul ayı ilə müqayisədə dəyər ifadəsində 33,3% artıb. Halbuki ilk 20-likdə yer alan ölkələrdən yalnız Rusiya və Kanadaya olan ixracdakı artım bundan yüksək olub. Bu isə o deməkdir ki, ötən illə müqayisədə Türkiyədə daha çox ABŞ dolları daxil olub.

Qeyd edək ki, Azərbaycanın adı Türkiyənin əsas ticarət tərafdaşlarının yer aldığı ilk 20-likdə yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top