Ramil Usubovun müxtəlif səbəbdən vəzifədən azad etdiyi rəislər - SİYAHI

Xəbər verdiyimiz kimi, daxili işlər naziri Ramil Usubov Goranboy Rayon Polis Şöbəsinin rəisini tutduğu vəzifədən azad edib.

Nazirin müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Məlumata görə F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, son 1 ildə nazir çoxlu sayda rəisi müxtəlif səbəblərdən işdən çıxarıb. Yeniavaz.com saytı onların siyahısını təqdim edir.

- Bir neçə gün öncə Ağsu Rayon Yol Patrul Xidmətinin bölmə rəisi tutduğu vəzifədən azad edilib. Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, polis-mayoru Kənan Ağaəliyev vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb. Hələlik bölmə rəisinin yerinə təyinat yoxdur.

- Ramil Usubov İmişli rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərovu da bir müddət öncə işdən çıxarıb.

Qeyd edək ki, A. Cəfərov nazirə raport yazaraq vəzifədən azad edilməsini xahiş edib.

- Xızı rayonunun polis rəisi isə bir müddət əvvəl təqaüdə göndərilmişdi. Nazirin imzaladığı əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

- Astaranın polis rəisi də təqaüdə göndərilib. Bu barədə daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Astara rayon Polis Şöbəsinin rəisi Adil Həsənov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

- Daxili işlər nazirinin əmri ilə işdən çıxarılanlardan biri də Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov olub. Onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədar olub. KİV-in yazdığına görə, onun işdən çıxarılmasına səbəb işdə yol verdiyi nöqsanlar olub.

R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılmışdı.

- Ramil Usubov Salyanda baş verən dəhşətli cinayətdən sonra rayonun rəisi Təhmasib İbrahimovu da vəzifəsindən azad edib. Nazir rayonda baş verən dəhşətli cinayətin illərlə gizli qalmasını rəisə bağışlamayıb. Belə ki, "Xəzər TV" də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişindən sonra Mehparə Əliyevanın dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən 3 il əvvəl qətlə yetirildiyi ortaya çıxmışdı. Məlum hadisədən sonra ata oğlu ilə həbs olunub. Sözügedən olay ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. T. İbrahimov 2015-ci ildə Suraxanıdan Salyana rəis göndərilmişdi.

Daxili işlər naziri bir müddət əvvəl Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Misir Quliyevi vəzifəsindən azad edib.

Ramil Usubov Bakının Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədovu da bir müddət əvvəl işdən çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top