İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir"

"BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır".

Yeniavaz.com xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə keçirilən birgə mətbuat konfransında deyib.

"Bu gün biz gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır.

Mən xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır", - deyə dövlət başçısı vurğulayıb.

"Avropa İttifaqı ilə danışıqların yaxın zamanlarda uğurla başa çatacağına ümid edirəm"

Prezident İlham Əliyev bildirib ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanıb və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır: "Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq. Biz xanım Kanslerlə, eyni zamanda, demokratiya, insan haqlarının qorunması ilə bağlı fikir mübadiləsi apardıq və bu sahədə əməkdaşlığımızı davam etdirmək fikrindəyik. Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi, biz bu əlaqələrin inkişafından çox razıyıq. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaq".

Prezident həmçinin əlavə edib ki, bu gün bu və digər məsələlər, o cümlədən regional vəziyyətlə bağlı məsələlər də müzakirə edilib:

"Bu göstərir ki, aramızda olan münasibətlər doğrudan da səmimidir, dostluq münasibətləridir və səfərin də bu münasibətlərin möhkəmlənməsində çox böyük rolu olacaq".

"Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda bütün işlər qrafik üzrə gedir"

Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi nəhəng beynəlxalq layihədir, dörd layihədən ibarətdir - “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi, Azərbaycan qazını Gürcüstan üzərindən daşıyan Cənubi Qafqaz boru kəməri, Azərbaycan qazını Türkiyəyə daşıyan TANAP və sonuncu, dördüncü hissə isə TAP-dır - Transadriatik kəmər:

“Dörd hissənin üçü artıq reallaşıb və TANAP-ın açılışı bu ilin iyun ayında baş verib. Qalan hissənin tikintisi prosesi gedir, ümid edirəm ki, burada da heç bir problem olmayacaq və vaxtında – yəni, 2020-ci ildə Azərbaycan qazı 3500 kilometrlik boru xətti ilə Avropa bazarına çıxarılacaq. Beləliklə, Avrasiyanın enerji xəritəsinə çox dəyərli bir töhfə veriləcək. Bununla Azərbaycan qarşısında duran enerji təhlükəsizliyi ilə bağlı olan bütün məsələləri həll etmiş olur.

Çünki əvvəlki illərdə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftini Aralıq dənizinə çatdırır. Qara dənizə aparan Bakı-Supsa kəməri bizim təşəbbüsümüzlə tikilib, Bakı-Ərzurum qaz kəməri çəkilib və bu dördüncü layihə ilə biz qarşımızda duran bütün vəzifələri icra edirik”.

Azərbaycanın tranzit imkanlarından danışan dövlət başçısının sözlərinə görə, hər bir ölkə istəyər ki, onun ərazisindən daha çox yük keçsin.

“Hazırda biz Türkmənistan neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarlarına çatdırırıq və eyni zamanda, Orta Asiyanın quru yüklərini Azərbaycan ərazisindən yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə çıxarırıq.

Ancaq əlbəttə ki, Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq.

Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top