Azərbaycana gələn əcnəbilər əslində kimlərdi?

Ötən ilə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının təxminən 1/3-i (36,4%-i) mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci ildə Azərbaycana 2 milyon 696 miln 745 nəfər əcnəbi təşrif gətirib və ötən il mehmanxana və mehmanxana tipli müəssisələrdə qalanların sayı 981 min 232 nəfər olub.

Belə görünür ki, mehmanxanalarda qalmayanların sayı ölkəyə səfər edən əcnəbilərin əksəriyyətini - 63,6%-i təşkil edib. Maraqlıdır ki, bu qədər əcnəbinin (1 milyon 988,5 min) harda yerləşdirilməsi ilə bağlı rəsmi məlumat da mövcud deyil.

Yalnız açıqlanan digər statistik göstəricilərə istinadən ehtimal etmək olar ki, bu şəxslər şəxsi mənzillərdə yerləşiblər. Ölkəyə gələn əcnəbilərin 76,3%-ə və ya 2 milyon 58 min nəfəri 4 ölkədən - Rusiya, Gürcüstan, İran və Türkiyədən səfər edənlər olub. Bu ölkələrdən gələn və mehmanxanalarda qalan şəxslərin sayı isə isə ümumi gələnlərin cəmi 14,5%-nə və yaxud 298 min nəfərə bərabər olub. Rəsmi statistika göstərir ki, Rusiya, Gürcüstan, İran və Türkiyədən Azərbaycana səfər edənlərin 85,5%-i mehmanxanalarda qalmayıblar. Bu isə 1 milyon 760 min nəfərə bərabərdir.

Maraqlı məqam ondan ibarətdir ki, qeyd olunan 4 ölkə istisna olunmaqla digər ölkələrdən səfər edənlərin sayı mehmanxanalarda qalanların sayından az olub. Burdan belə nəticəyə gəlmək olar ki, digər ölkələrdən gələnlər qalmaq üçün mehmanxanaları seçirlər. Məsələn, ötən il Azərbaycana Fransadan 6 min 959 şəxs təşrif gətirib və mehmanxanalarda yerləşdirilən Fransa vətəndaşlarının sayı isə 11 min nəfərdən çox olub. Bənzər vəziyyət digər ölkələr üzrə də qeydə alınıb. Çindən 10 min 274 nəfər gəlib, mehmanxanalarda 11 min 231 Çin vətəndaşı yerləşdirilib. İsraildən 15 min 385 nəfər gəlib, mehmnaxanalarda yerləşdirilən İsrail vətəndaşlarının sayı isə 11 min 431 nəfər və ya il ərzində gələnlərin 74,3%-i səviyyəsində olub.

Digər bir maraqlı statistik göstərici isə odur ki, ölkəyə istirahət və əyləncə məqsədilə səfər edənlərin sayı təxminən mehmanxanalarda qalan əcnəbilərin sayı ilə üst-üstə düşür. İl ərzində Azərbaycana gələn əcnəbilərin yalnız 31,1%-i və ya 839,3 min nəfəri (mehmanxanalıarda qalanlar 36,4%) istirahət və əyləncə məqsədilə ölkəmizə səfər edib.

Açıqlanan rəqəmlər göstərir ki, əcnəbilərin əksəriyyəti Azərbaycana istirahət və əyləncə məqsədilə gəlmirlər (68,9%-i), əcnəbilərin əksəriyyəti mehmanxanalarda qalmırlar (63,6%-i), əcnəbilərin əksəriyyəti 4 ölkədən təşrif gətiriblər (76,3%-i).

Bu rəqəmlərə istinad edərək ehtimal etmək olar ki, Azərbaycana gələn əcnəbilərin əksəriyyəti Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları olan azərbaycanlılardı və onlar qohumlarının, ya da öz evlərində məskunlaşırlar. Məsələn, ötən il Gürcüstandan Azərbaycana 538,2 min şəxs səfər edib, lakin mehmanxanalarda qalan Gürcüstan vətəndaşlarının sayı bunların cəmi 2,7%-i və ya 14,6 min nəfər həddində olub.

Məlumat üçün onu da bildirək ki, 2017-ci ildə qonşu Gürcüstana 7 milyon 554 min 936 əcnəbi səfər edib. Ən çox əcnəbi Ermənistandan (1 milyon 718 min), Azərbaycandan (1 milyon 695 min) və Rusiyadan (1 milyon 392,6 min) gedib.

DİGƏR XƏBƏRLƏR

Top