Özbəkistanda birinci prezident yaddaşdan silinir: “Kərimovun adı efirdə səslənsə, kəlləniz gedəcək”

Özbəkistan hakimiyyəti ölkənin birinci Prezidenti İslam Kərimovun adının və təsvirinin telekanalların ekranlarında olmaması tapşırığını verib. Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, müvafiq göstəriş ölkənin bütün telekanallarının redaktorlarına göndərilib.

Telekanallardan birinin aparıcısı deyib ki, əmr Özbəkistana 2016-cı ildən başçılıq edən Şavkat Mirziyoyevin müşaviri Hayriddin Sultanov tərəfindən daxil olub: “Rəhbərlik mənə dedi ki, əgər Kərimovun adı efirdə səslənsə, kəlləniz gedəcək. Bu, dövlət müşaviri Sultanovun əmridir”.

Digər telekanalın baş redaktoru isə bildirib ki, ondan və həmkarlarından İslam Kərimovun adını efirdə qətiyyən çəkməməyi tələb ediblər: “Qadağa bir ay əvvəl tətbiq olunub. Ümumiyyətlə ilin əvvəlindən bizə tövsiyə ediblər ki, İslam Kərimovun adını daha az çəksinlər və Şavkat Mirziyoyevdən çox danışsınlar”.

Qadağa, həmçinin İ. Kərimovun fotoşəkillərinə və abidələrinə şamil olunub. Üstəlik efirə hətta Kərimovun adının olduğu yazılar da düşə bilməz. Özbəkistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun rəhbərliyinə isə tapşırılıb ki, Kərimovun bütün portretləri və onun sitatlarının yer aldığı bütün şüarları aradan qaldırılsın.

Xatırladaq ki, İ.Kərimov 1991-2016-cı illərdə Özbəkistana rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top