"Elə diplom almaqdansa, gedib usta olaydılar" - Deputat

"Ali məktəbə qəbulun nəticələri bəlli olundan sonra insanların çoxu övladlarının, yaxınlarının fərqli ali məktəbə qəbul olunması ilə bağlı bilgilər verdilər və sevinclərini bizlərlə paylaşdılar. Bizlər də bütün tələbə adını qazananları bəri başdan təbrik etdik və uğurlu təhsil illəri arzuladıq. Tələbə olmaq başlanğıc olaraq çox əla bir addımdır və hər kəs bu addımın məsuliyyətini dərindən anladıqca daha çox oxumağa, öyrənməyə səy göstərir. Lakin hamımıza məlumdur ki, bu gün tələbə adını qazananların xeyli hissəsi sonrakı təhsil prosesində bu və ya digər səbəbdən indi başlanğıcda sevindirdikləri qədər sonralar valideynlərini sevindirə bilmirlər". Yeniavaz.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.

"Təhsilini yarımçıq qoyan, düşdüyü mühitin təsiri ilə ali məktəbi sadəcə yola verən, izafi vaxt itirib bilik qazanmayan övladların da sayı heç də az deyil. Ona görə də tələbə adını qazanmaq xarici ölkələrdə elə də ciddi məsələ sayılmır, əsasən keyfiyyətli məzun kimi cəmiyyətə qədəm qoymaq dəyərləndirilir. Digər tərəfdən övladlarının diplom almasına sevinən valideynlərin çoxu ayrıca bir peşəni mükəmməl öyrənmiş övladları barədə elə də fəxrlə danışmırlar. Halbuki yaxşı kompüter, soyuducu, paltaryuyan, kondisioner, avtomobil, tikinti sahələrinə aid usta, dərzi, musiqiçi, ticarətçi kimi yetişmiş övladların daha çox valideynlərin yükünü azaltdıqlarını, diplomlu övladlarla müqayisədə müstəqil iş həyatına daha çox adaptasiya olduqlarını müşahidə edirik. Əslində Azərbaycan kimi diplomun savada adekvat olmadığı ölkələrdə ən çox fəxr ediləsi də uşağa hansısa ayrıca peşənin qazandırılması ola bilərdi. Özəlliklə də bir çox hallarda sadəcə diplom almağa indekslənən qızlarımıza kütləvi şəkildə ali məktəb yollarında vaxt itkisi əvəzinə, sabah iqtisadi cəhətdən ayaqda qalmasını təmin edəcək və şəxsi ləyaqətini qoruya biləcək bir sıra bilgi çağının tələblərinə uyğun peşələrin öyrədilməsi vacib sayılmalıdır. Çünki diplomu əlində olanların əhəmiyyətli hissəsi onsuz da ya ixtisasına uyğun iş tapmır, ya da ixtisasın özü bir işə yaramır. Sözümün canı budur ki, övladların ali məktənə daxil olmasına deyil, daha çox hansı yüksək keyfiyyətdə məzun olmasına sevinmək məntiqli sayılardı. Digər tərəfdən isə, fikrimcə, övladlarının hər hansı peşəni qazanması barədə bilgiləri də valideynlər sevinclə paylaşmaqdan çəkinməməlidirlər. Yazdıqlarım təbii ki, bilik qazanmaq üçün tər tökən və tələbə adının məsuliyyətini anlayan oğlan və qızlarımıza aid deyil. Çünki gerçək bilik sahibi, layiq olduğu diplomu, elmi adı daşıyan hər bir vətəndaşımız millətimizin əlahiddə bir dəyəridir",-deyə deputat vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top