Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkədir

Bu ilin yanvar-iyul ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 251,8 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2,4 dəfəyə yaxın artıb. Belə ki, ötən ilin ilk 7 ayı ərzində Gürcüstandan Azərbaycana 106,1 milyon dollar dəyərində məhsul ixrac edilib.

Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkə olub. Cari ilin ilk 7 ayında Gürcüstanın ümumi ixracının 13,5%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan sonrakı yerlərdə Rusiya (ilk 7 ay ərzində 240,8 milyon dollar), Türkiyə (172,6 milyon dollar) və Ermənistan (150,2 milyon dollar) gəlir.

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 7 ayında Azərbaycandan 332,2 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 16,1% və 46,1 milyon dollar artıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 7 ay ərzində Türkiyədən 828,1 milyon dollar, Rusiyadan isə 520 milyon dollar, Çindən isə 505,5 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Ukrayna (276,3 milyon dollar), Almaniya (251,3 milyon dollar), ABŞ (205 milyon dollar) və Ermənistan (194,9 milyon dollar) gəlir.

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 7 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 7 milyard 51,8 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 24,4% çoxdur.
Qonşu ölkənin idxalı 22,9% artaraq 5 milyard 180,8 milyon dollar, ixrac isə 28,8% artaraq 1 milyard 871 milyon dollar təşkil edib.

Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 19,1%-i), ferroərintilər (14,2%) və minik avtomobilləri (14%) daxildir.

Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft və neft yağları (ümumi idxalın 9,4%-i), minik avtomobilləri (6,5%) və mis filizi və konsentratlarıdır (4,2%).

DİGƏR XƏBƏRLƏR

Top