Rayona gedə bilməyənlər Bakıda bu əraziyə axışır - Meşədə piknik - FOTOLAR

Son vaxtlar Bakıda sıxlığın azalmasının bir səbəbi də əhalinin müxtəlif yerlərə istirahətə yollanmasıdır.

İmkanı olanlar xarici ölkələrdəki kurort zonalarına, turizm məkanlarına üz tuturlar. Nisbətən az imkanlılar isə daxili turizmə üstünlük verir, dağlıq bölgələrdə ailələri ilə dincəlirlər.

Bakıda yaşayan, ancaq əslən dağlıq rayonlardan olanlar isə qohum-əqrəba evinə yollanmaqla dincəlməyə üstünlük verirlər. Lakin elə insanlar da var ki, bunların heç birindən yararlanmaq imkanları yoxdur.

Həmin insanlar az vəsait xərcləməklə, çox vaxt sərf etmədən Bakıda piknik edə, dincələ, sakit məkanda yorğunluqlarını çıxara bilirlər.

Yeniavaz.com saytı xəbər verir ki, söhbət paytaxtın ən füsunkar məkanlarından biri olan Mərkəzi Nəbatat Bağından gedir.

Qəribədir, illərdir Bakıda yaşayan, ancaq bir dəfə də olsun ayağı bura dəyməyən insanlar da var.

Məlumat üçün bildirək ki, Nəbatat bağı ötən əsrin 30-cu illərinin əvvəlində təşkil olunub.

Burada müxtəlik növ - həm yerli, həm də xaricdən gətirilmiş onminlərlə ağac və bitkilər var.

Sıx ağaclar, müxtəlif növ gül kolları, vətəndaşlar üçün piknik yerinin ayrılması, gəzintiyə çıxan insanlar üçün skamyaların qoyulması - bura üz tutanların ürəyincə hesab oluna bilər.

Mərkəzi Nəbatat bağı gəzinti üçün hər gün 8:30-dan axşam saat 20:00-dək açıqdır.

Bağda bitkiləri qırmaq, gül yığmaq, hovuzlarda çimmək, quş və balıq tutmaq, ərazini zibilləmək qadağandır (bağda piknik üçün nəzərdə tutulan yerdə çoxlu sayda zibil qabları var).

Bağa giriş haqqı böyüklər üçün 1 manat, azyaşlılar üçün 50 qəpik, məktəb yaşına çatmayan uşaqlar üçün ödənişsizdir.

Bağın içərisinə avtomobillə giriş haqqı isə içəridə qalma saatından asılı olmayaraq, 1 manatdır. Lakin bağın daxilində avtomobillə yalnız şlaqbaum olan əraziyədək getmək mümkündür.

Bura piknikə gələnlərin sayı çoxdur, ancaq ocaq qalamağa icazə verilmir, hər şeyi özünüzlə hazır gətirməlisiniz.

Mərkəzi Nəbatat bağının təmiz havasını qəbul etmək, buradakı füsunkar gözəlliyi, Bakının sakit məkanının dadını çıxarmaq istəyənlər arasında əcnəbi turistlər də kifayət qədərdir.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top