Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu "Neftçi" və "Qəbələ" komandaları arasında keçirilib.
"Dalğa Arena"da təşkil olunmuş turun mərkəzi qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Hesabı 36-cı dəqiqədə Baqali Dabo açıb. Hazırda flaqmanın heyətində çıxış edən fransalı hücumçu keçmiş komandasını məyus edib.
"Neftçi" ikinci hissəyə də qolla başlayıb. 48-ci dəqiqədə daha bir yeni transfer Dario Frederiko fərqlənib.
"Qəbələ"nin təsəlli qolunu isə 85-ci dəqiqədə Rauf Əliyev vurub.
Beləliklə, ardıcıl ikinci qələbəsini qazanan "Neftçi" 6 xalla vahid liderə çevrilib. İlk məğlubiyyətlə üzləşən "Qəbələ" isə ikinci pilləyə enib. "Qırmızı-qaralar"ın 3 xalı var.
Turun ilk iki oyununda "Qarabağ" səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib, "Zirə" "Keşlə" ilə heç-heçə edib - 1:1. Hazırda davam edən son oyunda "Sabah" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edir. 10-cu dəqiqədə meydan sahibləri Marko Deviçin qolu ilə öndədir - 1:0.
Azərbaycan Premyer Liqası, II tur
19 avqust (bazar)
18:30. "Neftçi” – "Qəbələ” - 2:1
Qollar: Baqali Dabo, 36. Daro Federiko, 48 - Rauf Əliyev, 85
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
"Dalğa Arena”