Putin avstriyalı nazirin toyunda yağ çəkən və samovar hədiyyə edib, “qorko” deyə qışqırıb

Rusiya Prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knaysl və sahibkar Volfqanq Maylinqerin toyunda rəsm əsəri, yağ çəkən və Tula samovarı hədiyyə edib. Yeniavaz.com-un “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, V. Putin yeni evlənənlərə kənd mənzərəsinin olduğu rəsm əsəri, köhnə yağ çəkən və Tula samovarı hədiyyə edib. D. Peskov qeyd edib ki, V.Putin toyda alman dilində sağlıq deyib, bu da bütün qonaqların alqışı ilə qarşılanıb.

Mətbuat katibi əlavə edib ki, sağlıq kifayət qədər uzun olub: “Prezident Avstriyaya səfər etmək imkanı yarandığına görə minnətdarlığını bildirib, yeni evlənənlərə birgə ailə həyatında xoşbəxtlik və uzun ömür arzulayıb. Putin alman dilində çıxış edib. Çoxlu zarafat edib ki, bu da qonaqlar tərəfindən layiqincə qeyd edilib”.

Xatırladaq ki, V. Putin şənbə günü Avstriyanın xarici işlər nazirinin toyunda iştirak edib. Görüş zamanı Prezident gəlinə gül dəstəsi hədiyyə edib, sonra isə onu rəqsə dəvət edib. V. Putinlə birlikdə toya kazak ansamblı da gedib. O, toyda təxminən 1 saat iştirak edib, getməzdən öncə isə cütlüyün toy avtomobilinə qol çəkib və “qorko” deyə qışqırıb.

DİGƏR XƏBƏRLƏR

Top