DİM-ə daha bir ittiham - "Abituriyent 655 bal toplayıb, amma..." - RƏSMİ AÇIQLAMA

Qəbələ rayonunda fəaliyyət göstərən "Ekspress" ali məktəblərə hazırlıq mərkəzinin təsisçisi Bünyad Şahvələd üzləşdikləri problemlə əlaqədar Yeniavaz.com saytına müraciət edib. B. Şahvələd rəhbərlik etdiyi hazırlıq kursunun dinləyicilərindən birinin 655 balla Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinin ödənişsizinə qəbul ola bilmədiyini və bunun Dövlət İmtahan Mərkəzinin (DİM) buraxdığı "Abituriyent" jurnalındakı boşluqla əlaqəli olduğunu iddia edib.

"Biz bu problemlə qarşılaşdıq və DİM ilə əlaqə saxladıq, ancaq verilən cavablar qaneedici olmadı.

Belə ki, "Təhsil Haqqında" Qanuna əsasən, dövlət sifarişli yerlər universitetlərə yox, ümumi bazaya verilir. Məsələn, dövlət Tarix müəllimliyi fakültəsinə 200 pulsuz yer ayırır, amma bunu universitetlər arasında bölüşdürmür. Deyir ki, hansı universitet cəlb edə bilirsə, daha yüksək ballı abituriyentləri yığsın. Yəni sistem belə işləyir. Əslində ədalətli bir sistemdir.

DİM qəbul imtahanlarından bir müddət sonra "Abituriyent" jurnalının 4-cü nömrəsini nəşr edib. Adı belədir - "2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı". Jurnalın builki nömrəsində də yaxşı, məlumatverici cədvəllər hazırlanıb. Dövlət hesablı - dövlət sifarişi əsasında təhsil alacaq ixtisaslar bölümü verilib.

Bizi narahat edən problem IV qrupa aid olduğu üçün həmin jurnalın 38-ci səhifəsində verilən cədvəli qeyd etmək istəyirəm. Burada "Müalicə işi" fakültəsinin qarşısına yazıblar ki, dövlət bu ixtisasa 320 pulsuz yer ayırıb. Orada qeyd olunub ki, həmin pulsuz yerlərə müsabiqə aparan təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Moskva Dövlət Tibb Universitetinin Bakı filialı. Bu məlumatı burada veriblər. Daha sonra eyni jurnalın 28-29-cu səhifələrində Azərbaycanda IV ixtisas qrupu üzrə müsabiqə aparılan ixtisasların siyahısı verilib. Məsələn, Bakı Dövlət Universitetində IV qrup üzrə hansı ixtisaslar var, neçə qəbul yeri var, əyanidir, qiyabidir, təhsil haqqı nə qədərdir - bu barədə ətraflı məlumat veriblər. Abituriyentlərin 90-95 faizi məhz bu siyahıdan istifadə edir. Çünki digər məlumat verilən hissə abituriyentlərin hamısının anlaya, istifadə edə biləcəyi qədər bəsit deyil. Jurnalda ixtisasların elanları verilən bu yerdə Moskva Dövlət Tibb Universitetinin Bakı filialının elanı yoxdur. Yəni abituriyent bura baxanda bu elanı görə bilmir.

Bu zaman abituriyent düşünür ki, "Müalicə işi" fakültəsində 320 pulsuz yer var. Fikirləşir ki, ümumilikdə Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə 460 yer ayrılıb. Bir də Naxçıvan Dövlət Universitetinin "Müalicə işi" fakültəsinə 20 yer. Toplam olaraq bu o deməkdir ki, "Müalicə işi" fakültəsində 480 yer var və bunun 320-i pulsuzdur. Abituriyent də avtomatik olaraq düşünür ki, mən ilk 320 nəfərdən biriyəmsə, burada pulsuz oxuya bilərəm. Amma son nəticədə belə olmur. Məsələn, bizim bu il 655 bal toplamış dinləyicimiz "Müalicə işi" fakültəsinə girə bilmədi. Halbuki 655 balla DİM-in açıqladığı statistikaya görə, təxminən 250 nəfərdən biridir. İlk 250 nəfərdən biri olmasına baxmayaraq, 320 pulsuz yerdən birinə qəbul ola bilməyib. Niyə ola bilməyib? Biz bunu araşdırdıq və məlum oldu ki, dövlətin ayırdığı bu 320 yerdən 100 yer Moskva Dövlət Tibb Universitetinin Bakı filialına verilib. Halbuki "Abituriyent 4" jurnalında qəbul aparılan ixtisas elanları olan yerdə bu universitetin elanı yer almayıb.

Biz ixtisas seçimi başlayandan 2 gün sonra - avqustun 1-2-i Moskva Dövlət Tibb Universitetinin Bakı filialına zəng vurduq, maraqlandıq. Dedilər ki, bizdə qeydiyyat artıq qurtarıb. Onlardan soruşduq ki, axı qeydiyyatı dövlət hələ indi elan edib, sizdə necə başa çata bilər? Bildirdilər ki, biz DİM-in imtahan nəticələrindən əlavə özümüz də imtahan keçirdiyimizə görə, qeydiyyatı əvvəlcədən aparırıq. Soruşduq ki, sizdə filialda oxumaq üçün nə etmək lazımdır? Cavab verdilər ki, 400-dən yuxarı bal toplayan abituriyentlər bizə müraciət edirlər, onları təkrar imtahan edirik, onlardan layiq olan 100 nəfər Moskva Dövlət Tibb Universitetinin Bakı filialının "Müalicə işi" fakültəsində pulsuz təhsil alır.

Ortaya belə bir nəticə çıxır - bizim dinləyicimiz 655 balla universitetin "Müalicə işi" fakültəsinə girə bilməyib, başqa hər hansı bir məzun - baxmayaraq ki, "Abituriyent" jurnalında bu barədə məlumat yoxdur - qəbul ola bilib.

Belə çıxır ki, Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olan abituriyent bu məlumatı hardansa başqa yerdən alıb. Kənddə yaşayan uşaq məlumatı hardan ala bilər axı, hamı Bakıda yaşamır ki? Bizim 655 bal toplayan dinləyicimiz Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsində təhsil ala bilmir. Ona görə ki, ödənişlisində illik təhsil haqqı 4500 manatdır, pulsuza isə düşə bilməyib. Halbuki 450 bal, 480 bal, 500 bal toplayan abituriyentlər dövlət hesabına Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil alırlar. Bu nə dərəcədə doğrudur?".

Məsələ ilə bağlı Yeniavaz.com saytı DİM-dən münasibət öyrənib. Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ittihamlara aydınlıq gətirib.

Xanlar Xanlarzadənin sözlərinə görə, "Abituriyent" jurnalının 4 nömrəli buraxılışında 320 yerin təkcə Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universiteti üçün ayrıldığı qeyd olunmayıb. Jurnalın 38-ci səhifəsində Moskva Dövlət Tibb Universitetinin Bakı filialı da göstərilib. Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent ixtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsaitdə də qeyd olunub ki, 320 yerin 100-ü məhz Moskva Dövlət Tibb Universitetinin Bakı filialına aiddir".

Xanlar Xanlarzadənin sözlərinə görə, abituriyentlər DİM-in keçirdiyi imtahanda balı toplayırlar, ancaq onların Moskva Dövlət Tibb Universitetinin Bakı filialına yerləşdirilməsi ayrıca aparılır: "Yəni onlar bal topladıqdan sonra müraciət edirlər və həmin universitetdə müsahibədən keçirlər. Ona görə də həmin universitetə qəbul barədə ayrıca məlumat sözügedən jurnalda yoxdur. Amma bir daha qeyd edirəm, "Abituriyent ixtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsaitdə bu barədə yazılıb. Moskva Dövlət Tibb Universitetinin Bakı filialının qeyd olunmamasına səbəb ora ayrıca qəbulun aparılmasıdır. Onlar bu uşaqlarla bir yerdə deyillər, bu universitet əlavə müsahibə aparır. Necə ki, ADA universitetinə də ayrıca qəbul aparılır, bu da elə".

X. Xanlarzadə Moskva Dövlət Tibb Universitetinin Bakı filialında keçirilən müsabiqədə iştirakla bağlı məsələyə də aydınlıq gətirib: "Həmin filiala qəbul aparılması və qeydiyyatla bağlı DİM-in rəsmi internet saytında elanlar verilib. Hər bir şəxs bizim səhifəmizə daxil olmaqla bunun elanını görə bilər. Prosedur isə belədir - abituriyent DİM-in keçirdiyi imtahandan müvafiq balı toplayır və qeydiyyatdan keçdikdən sonra ora müraciət edir. İkinci mərhələni onlar keçirirlər, bizim ixtisas seçimimizdə iştirak etmirlər. Əgər abituriyentlər onların keçirdiyi müsahibədən keçə bilsələr, qəbul olurlar, keçə bilməsələr, bizim ixtisas seçimimizdə iştirak edirlər. Moskva Dövlət Tibb Universitetinin Bakı filialında keçirilən müsabiqədə iştirak etmək istəyənlər bizim elektron səhifəmizi izləməlidirlər ki, qeydiyyatından keçsinlər və orada müsahibədə iştirak eləsinlər. Jurnalda göstərilməməsinin səbəbi ayrıca qəbulun aparılmasıdır, orada oxumaq istəyənlər ayrıca müsahibədə iştirak etməlidirlər.

Məsələyə lap aydınlıq gətirmək üçün bir məqamı da qeyd edim - bu prosedur Daxili İşlər Nazirliyinin Polis Akademiyasında da var. Ora qəbul olmaq istəyənlər də ayrıdır və ixtisas seçimində iştirak etmirlər. Bizim jurnalımızda Polis Akademiyasının elanını görmüsünüzmü? Tutaq ki, Polis Akademiyasına 100 yer ayrılıb, müraciət edib 200 uşaq. Bizim balımız əsasında, Polis Akademiyasının keçirdiyi müsabiqədən keçən abituriyentlərin 100-ü həmin plan yerinə yerləşdirilirlər. Digər qalan 100 nəfər isə III ixtisas qrupunun digər yerlərində iştirak edə bilələr. Lakin ora qəbul olanları DİM-in ixtisas seçiminə buraxmırıq ki, həm orda, həm də burda yer tutmasınlar. Qəbul olmayanları isə ixtisas seçiminə buraxırıq ki, digər yerlərə qəbul olmaq şansı əldə etsinlər.

Yenə də bu izahımdan sonra əgər həmin şəxsə nə isə qaranlıq qaldısa, aydın olmadısa, DİM-ə müraciət etsin, nə sualları varsa, aydınlıq gətirək. Hər hansı tərəddüdü, narahatlığı olan şəxslər varsa, istənilən suallarına aydınlıq gətirməyə hazırıq".

DİGƏR XƏBƏRLƏR

Top