Hakimiyyət əleyhinə törədilən cinayətlərin sayı kəskin artıb - RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 12 844 cinayət faktı qeydə alınıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 2,6 faiz azdır. Cinayətlərin strukturunda 2476 hadisə şəxsiyyət əleyhinə, 5952 hadisə iqtisadi sahədə törədilən, 3697 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 717 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 130 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 2-si isə digər cinayətlərdir.

Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə 107 (4,5 faiz), ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə 298 (8,7 faiz), dövlət hakimiyyəti əleyhinə 125 (21,1 faiz) cinayət hadisəsi bu il daha çox olub. Yalnız iqtisadi sahədə törədilən cinayətlərin sayında azalma olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında bu sahədə 861 cinayət hadisəsi az olub.

Qeydə alınan həyat və sağlamlıq əleyhinə olan cinayətlərdən 311-i qəsdən sağlamlığa yüngül zərər vurma, 295-i qəsdən sağlamlığa az ağır zərər vurma, 169-u qəsdən sağlamlığa ağır zərər vurma, 130-u qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 21-i ehtiyatsızlıqdan adam öldürmə, 13-ü adam oğurluğu (onlardan 10-u evlənmək məqsədilə qadın oğurluğu), 6-sı əzab vermə, qalanları isə digər cinayətlərə aiddir.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrin vətəndaşları (onlardan 26,4 faizi MDB-yə üzv olan ölkələrin vətəndaşları olmaqla) tərəfindən və onların iştirakı ilə 91 cinayət hadisəsi törədilib.

2018-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə mənzil toxunulmazlığını pozma 2,3 dəfə, yanğın təhlükəsizliyi qaydalarını pozma 1,8 dəfə, dələduzluq 1,5 dəfə, zorlama 1,5 dəfə, quldurluq 11,3 faiz, vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 9,5 faiz, oğurluq 7,1 faiz azalmış, qanunsuz sahibkarlıq 4 dəfə, qanunsuz ağac kəsmə 20 faiz, qaçaqmalçılıq 16,3 faiz, xuliqanlıq 15 faiz, balıq və digər su bioresurslarını qanunsuz tutma ilə bağlı cinayətlər isə 2,2 faiz artıb.

Cinayət törədənlərin 77,3 faizi heç bir yerdə oxumayan və işləməyənlərdir

Hesabat dövründə 8231 nəfər cinayət törədən şəxs müəyyən edilib ki, onların da 79,2 faizi cinayət məsuliyyətinə cəlb olunub. Cinayət məsuliyyətinə cəlb olunanların 77,3 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 27,6 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

Cinayət törədən şəxslərin arasında qadınların xüsusi çəkisi 5,9 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 3,2 faiz təşkil edib.

Cari ilin birinci yarısında qeydə alınan cinayət hadisələrinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, onların da 58,2 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizi eyni hərəkətləri müvafiq qanunla müəyyən edilməyən qaydada satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə və satma, 6,5 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,1 faizi isə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərdir.

Cari ilin birinci yarısında qeydə alınmış cinayətlərin 21,5 faizi qadınlara, 2,6 faizi yetkinlik yaşına çatmayanlara qarşı törədilib. Cinayət nəticəsində zərərçəkmişlərdə qadınların xüsusi çəkisi 27,2 faiz, yetkinlik yaşına çatmayanların xüsusi çəkisi isə 3,4 faiz təşkil edib.

Qeydə alınan 558 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,6 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 10 faizi əvvəllər də cinayət törədən şəxslər tərəfindən, 7 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş verən cinayətlərin 89,8 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 4,8 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 3,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,2 faizi özünü öldürmə həddinə çatdırma, 2 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 2017-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 16,4 faiz azalaraq 575 nəfər olub ki, onların da 77,7 faizini qadınlar, 1,4 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top