Əhalinin cins nisbəti sürətlə pozulur: yeni doğulan hər 100 qıza 113 oğlan düşür

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 38 min 49 nəfər artaraq iyul ayının 1-i vəziyyətinə 9 milyon 936 min 134 nəfərə çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Əhalinin 52,9%-i şəhər yerlərində, 47,1%-i kənd yerlərində məskunlaşıb, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66 min 166 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47% təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

2018-ci ilin birinci yarısında ölkədə 29 min 292 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6-ya qədər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top