Nazirlik I qrup əlilin problemi ilə bağlı açıqlama yaydı

"Bir neçə sosial media səhifəsində Goranboy rayonu, Dəliməmmədli şəhər sakini, 1988-ci il təvəllüdlü, hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup əlil Ələkbərov Rafiq Arif oğlunun ağır həyat şəraiti ilə bağlı yayılmış məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dərhal aidiyyəti tapşırıq verilib". Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
Onun sözlərinə görə, nazirliyin əməkdaşları Rafiqlə və ailə üzvləri ilə evində görüş keçirib. Müəyyən edilib ki, ona 2013-cü ildən “Hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz olaraq I qrup əlillik təyin edilib, həmin qərar əsasında 158,29 manat pensiya təyinatı aparılıb, hazırda həmin təyinatla ödəniş edilir. O, nazirlik tərəfindən 2015-ci ildə əlil arabası ilə təmin edilib.
Görüşdən sonra, həyat şəraiti nəzərə alınaraq Rafiqin ailəsinə aylıq 136.90 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin olunub.
Eyni zamanda, Rafiqin əlil arabası yararsız hala düşdüyündən onun yenisi ilə əvəz olunması məqsədilə sənədləşdirmə işlərinə başlanılıb. Yaxın günlərdə yeni əlil arabası ünvanında ona təqdim olunacaq. Həmçinin Rafiqin müalicəsinin davam etdirilməsinə kömək üçün nazirlik tərəfindən birdəfəlik maddi yardımın verilməsi qərara alınıb.

DİGƏR XƏBƏRLƏR

Top