Statistika Komitəsi pensiyaların nə qədər artdığını hesablaya bilmir?

Bu ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 792,8 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7 faiz çoxdur. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil edib.

Məlumatda bildirilir ki, təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 219,2 manat təşkil edib və orta aylıq əmək haqqının 39,6 faizinə (2017-ci ilin birinci yarısında 38,7 faizinə) bərabər olub.

Məlumat üçun qeyd edək ki, Dövlət Statistika Komitəsinin 6 gün əvvəl - avqust ayının 9-da açıqladığı məlumatda göstərilirdi ki, bu ilin birinci yarısında ölkədə orta aylıq əməkhaqqının məbləği 541,1 manat olub. Bu isə o deməkdir ki, pensiyaların orta məbləği Komitənin bildirdiyi kimi orta aylıq əmək haqqının 39,6 faizinə bərabər ola bilməz.

Adi riyazi hesablama apardığımız zaman belə görünür ki, 219,2 manat orta aylıq əmək haqqının 39,6 faizinə bərabərdisə, o zaman orta aylıq əmək haqqını 553,5 manata bərabər olmalıdır. Halbuki, heç vaxt Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının 553,5 manat olması barədə açıqlama verməyib.

Yuxarıdakı rəqəmlərdən açıq şəkildə görünür ki, ya pensiyanın, ya da əmək haqqının orta məbləği düzgün hesablanmayıb, yaxud da pensiyaların orta məbləğinin orta aylıq əmək haqqına olan nisbəti düzgün hesablanmayıb.

Əgər Komitənin açıqladığı kimi pensiyaların orta məbləği 219,2 manat, orta aylıq əmək haqqını məbləği isə 541,1 manatdırsa, onda pensiyaların orta məbləği orta aylıq əmək haqqının 39,6 faizinə deyil, 40,5 faizinə bərabər olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top