Ən çox məhsul alıb-satdığımız ölkələr

Bu ilin yanvar-iyul ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 917,1 milyon dollar (ümumi idxalın 15,9%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2018-ci ilin ilk 7 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 881,8 milyon (ümumi idxalın 15,3%-i) və 586,4 milyon dollarlıq (10,1%) məhsul idxal edilib.

Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (384,3 milyon dollar), ABŞ (282,7 milyon dollar), Ukrayna (234,9 milyon dollar), İtaliya (192,6 milyon dollar), İran (156,2 milyon dollar), Böyük Britaniya (139,8 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2018-ci ilin yanvar-iyul ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 7 ay ərzində bu ölkəyə 2 milyard 664 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 24,8%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 857,6 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 7,9%-i). Həmçinin 811,8 milyon dollar dəyərində məhsul İsrailə satılıb. Hindistana 569,3 milyon dollar, Tayvana 509,7 milyon dollar, İndoneziya 462,6 milyon dollar, Kanada isə 430,7 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Almaniya (421 milyon dollar), Portuqaliya (401,2 milyon dollar) və digər dövlətlər gəlir.

Onu da bildirək ki, ötən il ən çox məhsul satdığımız ölkələrin sıralamasında 4-cü yerdə olan Rusiya bu il 11-ci sıraya geriləyib. Ötən il 8-ci sırada olan İsrail isə bu il 3-cü sıraya yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top