"Müəyyən müddətə qədər manatı qorumaq mümkündür" - Deputat devalvasiya riskindən danışdı

Son günlər Rusiya və Türkiyədə dolların məzənnəsi rekord səviyyəyə yüksəlib.

Rubl və lirənin dollar qarışısındakı məzənnəsi ən aşağı səviyyəyə düşüb. Qonşu ölkələrin milli valyutasının dollar qarşısında bu qədər ucuzlaşması Azərbaycanda da əhali arasında istər-istəməz narahatlıq doğurur.

Azərbaycan manatının dollar qarşısında ucuzlaşıb-ucuzlaşmayacağı mövzusu son günlər sosial şəbəkələrdə də müzakirə edilməkdədir.

Bəs Azərbaycanda devalvasiya riski nə qədərdir?

Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Yeniavaz.com saytına açıqlama verib: "Hələlik ümumi götürəndə ciddi narahatlığa əsas yoxdur. Çünki Azərbaycan manatını qoruyub saxlayan bütün amillər müsbətdir - neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatında müsbət saldo var, Mərkəzi Bank tərəfindən pul kütləsinə ciddi nəzarət edilir və s. Amma qonşu dövlətlərdə olan hadisələr əlbəttə, belə davam eləsə, çox şey dəyişə bilər, çünki bizim onlarla ticarət əlaqələrimiz var".

Vahid Əhmədovun sözlərinə görə, müəyyən müddətə qədər manatı qorumaq mümkündür: "Təxminən 2 milyard dollara yaxın Türkiyə ilə, ondan bir qədər artıq Rusiya ilə ticarət əlaqələrimiz var, idxal-ixrac əməliyyatlarımız çox böyükdür. Müəyyən müddətə qədər manatı qorumaq mümkündür. Mən belə hesab edirəm ki, qonşu dövlətlərdə olan bu vəziyyət uzun müddət davam edə bilməz. Yəqin ki, siyasi dairələr ümümi razılığa gələcəklər. Həmin dövlətlərdə müəyyən qədər milli valyuta ucuzlaşıb deyə, mallar da, əmtəə də ucuzlaşıb. Azərbaycandan həmin dövlətlərə valyuta axını artır - biznesmenlərin, sahibkarların əmlak və s. alması üçün. Bunu bir qədər nəzarətdə saxlamaq lazımdır. Banklar tərəfindən də nəzarətdə saxlanılmalıdır ki, Azərbaycandan xaricə dollar axını ciddi olmasın. Bütün bu məsələləri nəzərə alanda mən belə hesab edirəm ki, yaxın zamanlar üçün Azərbaycanda məzənnə ilə bağlı ciddi problemlər olmamalıdır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top